Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi ilə Cavad Vahid oğlu Muradov və Şamxal İlham oğlu Məmmədovun cinayət işi üzrə məhkəməyə hazırlıq iclası davam etdirilib.
Hakim iclasdan əvvəl Cavad Muradovu səbirli və təmkinli olmağa çağırıb. Buna səbəb isə noyabrın 30-da keçirilən prosesdə Cavad Muradovun dostu Elnur Məmmədovla sual-cavabı zamanı əsəbiləşməsi olub. Şamxal Məmmədovla Cavad Muradov qrup halında xuliqanlıq etməkdə, sonuncu əlavə olaraq əmlakı qəsdən zədələməkdə ittiham olunublar. Bu iş üzrə Elmir Üzeyir oğlu İsmayılov, onun qardaşı Elgün Üzeyir oğlu İsmayılov, Peyman Rəhman oğlu Vəlizadə və Məhəmməd Natiq oğlu Həsənzadə zərərçəkəndirlər.
Məhkəmədə araşdırma predmeti olan digər işdə isə Cavad Muradov dostu Elnur Məmmədovla bərabər zərərçəkən, Elmir İsmayılov, Peyman Vəlizadə, Məhəmməd Həsənzadə və məktəbli Murad Əhmədli təqsirləndirilən şəxs statusundadırlar.
Müttəhimlər bu ilin yayında “Sea Breeze”də kütləvi davada tərəf olublar. “Sea Breeze”dəki kütləvi dava ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin(BŞBPİ) İstintaq İdarəsində ümumilikdə 3 cinayət işi araşdırılıb. Həmin işlərdən ikisi yekunlaşdırılaraq Sabunçu Rayon Məhkəməsinə göndərilib. Cavad Muradov hazırkı məhkəmə predmeti olan iş üzrə təqsirləndirilən şəxs olduğuna görə o, həbsdədir, məhkəməyə də istintaq təcridxanasından gətirilir. Məhkəmədə müzakirə olunan mövzulardan belə anlaşılır ki, daha bir iş Elnur Məmmədov və digərilərinin cinayət işidir. Həmin iş üzrə 6 nəfər təqsirləndirilənin axtarışda olması səbəbindən istintaq yekunlaşmayıb.
Məhkəmənin ötən hazırlıq iclasında zərərçəkən Elmir İsmayılovun vəkili Aydın Kərimbəyli işin məhkəmə baxışına təyin edilmədən ibtidai istintaqa qaytarılmasına dair vəsatətlə çıxış etmişdi. Hakim vəsatəti müzakirəyə çıxarıb. Aydın Kərimbəyli vəsatəti müdafiə edib, digər zərərçəkənlərin, onların vəkillərinin də vəsatəti dəstəklədiklərini diqqətə çatdırıb.
Hakim vəsatətə münasibət bildirmək üçün sözü dövlət ittihamçısına verib. Dövlət ittihamçısının “kimin barəsində vəsatət verilib” sualına Aydın Kərimbəyli cavab verib. Deyib ki, digər epizodlar üzrə Elnur Məmmədovun bu gün hansı mövqedə olması, hansı hərəkətlər etməsi, onun barəsində cinayət işinin başlanması barədə qərarın olub-olmaması bilinmir. Bu haqda cinayət işinin materiallarında hər hansı bir məlumat verilmir. Bu işlərin ayrılmasına ehtiyac yoxdur, çünki Elnur Məmmədov əvvəldən sona qədər Cavad Muradovla birgə olublar. Cavad Muradov da məhkəmədə müəyyən məsələləri etiraf edir, müəyyən məsələlərin onun tərəfindən edilmədiyini deyir.
Hakim vəkilin diqqətinə çatdırıb ki, tərəflərin məhkəməyə etirazı daxil olmayıb. Eyni zamanda aydınlaşdırıb ki, “Sea Breeze”dəki dava ilə bağlı məhkəmədə araşdırılan digər cinayət işinin də eyni hakimin – yəni Mirheydər Zeynalovun icraatına verilməsi elektron qaydada müəyyənləşib.
Aydın Kərimbəyli bildirib ki, hazırkı iş üzrə zərərçəkən tərəfi olaraq cinayət işlərinin ayrılmasının səbəbini bilmək, bu haqda qərarla tanış olmaq hüququna malikdirlər. Vəkil hesab edib ki, bu məsələdə dövlət ittihamçısı da onlara dəstək olmalıdır.
Vəkil əvvəlki hazırlıq iclasında verilən, zərərçəkənlərin barəsindəki həbs qəti-imkan tədbirinin məhkəmə istintaqı dövründə ev dustaqlığı ilə əvəzlənməsinə dair vəsatətin də təmin olunmasını xahiş edib. Bildirib ki, zərərçəkənlər cinayətkar dəstə üzvləri deyil, ali təhsilli gənclər olmasının nəzərə alınmasını xahiş edib.
Bundan sonra hakim sözü dövlət ittihamçısı Amin Şəkərəliyevə verdi. İttihamçı Cavad Muradov və Şamxal Məmmədovun cinayət işi üzrə ibtidai istintaq zamanı kobud qanun pozuntularına yol verilmədiyini, eyni maddələrlə işin məhkəmə baxışı təyin olunmasını xahiş etdi.
Aydın Kərimbəylinin vəsatətinə münasibət bildirən həmkarları dedilər ki, eyni davanın ayrı-ayrı cinayət işləri çərçivəsində araşdırılması kobud qanun pozuntusudur, iş üzrə ikili standartların, yanaşmaların ortaya çıxmasına gətirib çıxarıb. Zərərçəkənlərin də, təqsirləndirilən şəxslərin də ikili statusu var. Bir iş üzrə zərərçəkən olanlar, digər iş üzrə təqsirləndirilən şəxsdirlər. Vəkillər baş verənlərin qanundakı boşluqdan meydana çıxdığını deməklə işin məhkəmə baxışına təyin edilmədən ibtidai istintaqa qaytarılmasına dair vəsatəti müdafiə ediblər. Müşavirə otağına yollanan hakim oradan qayıdandan sonra vəsatətlərin təmin edilmədiyini, işin məhkəmə baxışına təyin olunduğunu elan edib. Məhkəmə iclası 12 dekabrda davam etdiriləcək.