Noyabrın 23-də Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi ilə Elmir Üzeyir oğlu İsmayılov, Peyman Rəhman oğlu Vəlizadə, Məhəmməd Natiq oğlu Həsənzadə və Murad Məzahir oğlu Əhmədlinin cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.
Bu şəxslər xuliqanlıqda ittiham olunurlar. Müttəhimlər bu ilin yayında “Sea Breeze”də kütləvi davada tərəf olublar.
İş üzrə iki zərərçəkən var - Cavad Vahid oğlu Muradov və Elnur Leysan oğlu Məmmədov. Məhkəmədə aydın olub ki, hazırda Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsində “Sea Breeze”dəki kütləvi dava ilə bağlı daha bir cinayət işi araşdırılır. Cavid Muradov məhkəmə predmeti olan iş üzrə zərərçəkən, istintaqda olan iş üzrə isə təqsirləndirilən şəxsdir. Buna görə o, həbsdədir, məhkəməyə də istintaq təcridxanasından gətirilir. Onunla birgə zərərçəkən skamyasını bölüşən Elnur Məmmədov isə azadlıqdadır və o, bu gün keçirilən prosesə səhhəti ilə əlaqəli qatılmayıb. Təqsirləndirilən şəxslərdən Peyman Vəlizadə, Elmir İsmayılov və Məhəmməd Həsənzadə də həbsdədirlər, Murad Əhmədli isə azyaşlı olduğundan barəsində həbslə əlaqəli olmayan qəti-imkan tədbiri seçilib.
Hakim prosesdə foto-video çəkilişə icazə verməyib. Qərarını belə əsaslandırıb ki, məhkəmə tərəfindən videoçəkiliş aparılır və mətbuat nümayəndələrinin apardığı çəkilişlə həmin çəkiliş üst-üstə düşməyə bilər. Hazırda prosesdə şahidlərin dindirilməsi mərhələsidir.
İlk olaraq şahid Rəşid Əliyev ifadə verdi. İbtidai istintaqa verdiyi ifadəsini qismən təsdiqləyən şahid bildirib ki, hadisə baş verən gün “Sea Breeze”dəki digər restoranda olub. Sadəcə ərazidən keçərkən mübahisə olduğu görüb. Hakim və tərəflərin vəkillərinin suallarını cavablandıran şahid az sonra ərazidən uzaqlaşdığını deyib.
Digər şahid Nicat Qurbanov olub. O, ifadəsində bildirib ki, “Sea Breeze” ərazisinə Elmir İsmayılovun dəvəti ilə gəlib: “Taksi sürücüsüyəm. İl yarımdır ki, Elmir İsmayılovu tanıyıram. Onunla taksi müştərisi kimi tanış olmuşam, münasibətimiz yaranıb. Lazım olanda ayıq sürücü kimi məni dəvət edib. Həmin gün də məni “Sea Breeze” çağırdı. Gəldim, onu orada çöldə 1 saata yaxın gözlədim. Arada restoranın həyətinə əllərimi yumaq üçün girdim. Həmin vaxt Elmir məni gördü. Hovuzun yanında dayanıb söhbət etdik, məni yeməyə dəvət elədi. Təşəkkür edib çıxdım.
Sonradan Elmir çıxdı, maşına mindi, dedi ki, sür. Mən maşını sürdüm. O vaxt maşına təpik yumruq vurulduğunu gördüm. Elmir maşını saxlamağımı istədi. Maşından düşəndən sonra Elnur ona yumruq atdı. Elmir da qaşı partlamış vəziyyətdə maşına minib sürməyimi istədi. Mən də sürdüm, onu Mərdəkandakı bağ evinə aparıb qoydum”.
Şahid tərəflərin suallarını cavablandırarkən deyib ki, “Sea Breeze”in həyətindən çıxmaq istəyərkən Elmir İsmayılova məxsus “Range Rover” markalı, Az 90 ZZ 009 nömrə nişanlı avtomobilə təpik və yumruq zərbələri dəydiyindən nəqliyyat vasitəsinə zərər dəyib. Amma həmin zərbələri nəqliyyat vasitəsinə kimin vurduğunu o, görməyib. Şahid üzünü Cavad Muradova tutaraq deyib ki, onu maşının yaxınlığında görsə də, nəqliyyat vasitəsinə zərbə vurmasını görməyib: “Mən belə ifadə də verməmişəm. Demişəm ki, səni maşının yanında görmüşəm. Amma sənin maşını vurmağını deməmişəm, belə də ifadə verməmişəm”.
Şahid ibtidai istintaqa verdiyi ifadəsinin doğru yazılmadığını deyib. Elmir İsmayılovun 10-15 nəfər mühafizəçi ilə gəzməsi barəsində ifadə vermədiyini də məhkəmədə xüsusi olaraq vurğulayıb.
Bundan sonra şahid dövlət ittihamçısının, zərərçəkənlərin, onların vəkillərinin suallarını cavablandırıb. Deyib ki, ibtidai istintaqda olan ifadəsində Elmir İsmayılovun ətrafında 10-15 mühafizəçinin olduğu qeyd edilsə də, o, belə söz deməyib.
Şahid Şakir Abbaszadə də ayıq sürücü xidməti göstərdiyini, onu həmin gün “Sea Breeze” Elmir İsmayılovun çağırdığını deyib: “Mən ora gələndə həyətdə çoxlu adam var idi. Gecə saat 3-4 olardı. Elmirlə əlaqə saxladım, mənə dedi ki, daha ayıq sürücüyə ehtiyacı yoxdur. Mən də çıxıb getdim”.
Dövlət ittihamçısı şahidin ibtidai istintaqa verdiyi ifadəsini elan edib. Şahid ifadəsinin səhv yazıldığını deyib.
Bundan sonra dövlət ittihamçısı iş üzrə müstəntiq Əlibaba Hacıyevin məhkəməyə dəvət olunaraq dindirilməsini istəyib. Dövlət ittihamçısının vəsatəti müzakirə edilərkən təqsirləndirilən və zərərçəkənlərin vəkillərin müstəntiqin məhkəmədə dindirilməsinə ehtiyac olmadığını, vəsatətin təmin edilməməsini istəyiblər. Hakim vəsatəti baxılmamış saxlayıb, bildirib ki, məsələyə növbəti məhkəmə prosesində münasibət bildiriləcək.
Məhkəmədə “Sea Breeze”dəki mübahisənin nədən qaynaqlandığı da bilinib. Aydın olub ki, Elnur Məmmədov uşaqlıq dostu Cavad Muradov, Elnurun qohumu Vüqar Tağıyevlə və 3 xanımla birgə restoranda olduqları zaman yaxınlıqdakı masalardan birində dostları ilə yeyib-içən Elmir İsmayılov əlində qədəh onlara yaxınlaşıb. Elmir İsmayılovu süfrəyə Vüqar Tağıyev dəvət edib. Vüqar Tağıyev hazırda iş üzrə şahiddir.
Bu hal bir neçə dəfə təkrarlanıb. Elmir İsmayılov Elnurgilin masalarına yaxınlaşanda ətrafında dostları da olub. Bu zəmində Elmirlə Elnurun arasında mübahisə yaranıb. Sonradan restorandan çölə əlini yumağa çıxan Elnurla Elmirin arasında mübahisə yaranıb, digərlərinin də qoşulması ilə mübahisə kütləvi hal halıb. Ora Elnurun qardaşı Teymur və digər şəxslər də gəliblər. Mübahisə böyüyüb, Cavid Muradovun sifətinə vurulan zərbənin təsirindən dişinin plombu düşüb. Elnur Məmmədov da əynindəki köynəyi cırıldığından çıxarıb. Cavad Muradov hakimin diqqətinə çatdırıb ki, hadisədən 1 gün sonra o və dostu Elnur Məmmədov, Elmir İsmayılov və digəriləri ilə görüşərək barışıblar. Lakin buna baxmayaraq aylardır ki, o və digəriləri həbsdədirlər: “Mənim onlardan, onların bizdən hər hansı bir şikayətimiz yoxdur. Belə olan halda bizim həbsdə qalmağımız nəyə və kimə lazımdır”.
Vəkillər iş üzrə ötən proseslərdə şahid qismində ifadə vermiş Leyla Abbasovanın əlavə şahid kimi yenidən dindirilməsini istəyiblər. Leyla Abbasova hadisə baş verən gün “Sea Breeze”də Elnur Məmmədovgilin masası arxasında olan iki xanımdan biridir. Hakim yerindəcə müşavirə keçirib və Leyla Abbasovanın ötən prosesdə didirilməsini əsas gətirərək vəsatəti təmin etməyib.
Bundan sonra vəkillər təqsirləndirilən şəxslərin məhkəmənin gedişində ev dustaqlığına buraxılmaları üçün vəsatətlə çıxış ediblər. Məhkəmə vəsatətə münasibət bildirmək üçün müşavirəyə yollanıb. Proses bu gün davam etdiriləcək.
Xatırladaq ki, bu ilin yayında baş verən hadisə ilə bağlı həmin zaman yayılan rəsmi məlumatda qeyd olunurdu ki, iyunun 12-də “Sea Breeze Resort” istirahət mərkəzində kütləvi dava baş verib. 1 gün sonra xuliqanlıq hərəkətləri törədən şəxslər müəyyən olunub. Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Hadisə iştirakçılarından bir qrupu saxlanılıb. Rəsmi məlumatda saxlanılanların kimliyi, dava tərəfləri haqda isə hər hansı bir bilgi verilməyib. Kütləvi davanın əsas tərəfləri kimi sabiq nazir Yavər Camalovun qardaşı oğlu Elmir Camalov və o zamanlar vəzifədə olan Leysan Məmmədovun oğlu Elnur Məmmədov qeyd edilirdi. Bildirilirdi ki, həmin axşam ərazidə Jah Khalib-in konserti və Çempionlar Liqasının onlayn translyasiyası keçirilib. Olay zamanı hətta Elmir Camalovun bıçaq xəsarəti alması xəbəri də vardı. Olaydan sonra bu iki şəxs də daxil olmaqla, 8 nəfər saxlanılmışdı. Bu davanın videogörüntüləri də sosial şəbəkələrdə yayılmışdı. Məhkəmə qarşısına çıxarılan təqsirləndirilən və zərərçəkənlər arasında Elmir Camalov yoxdur. Amma Camalovlarla qohumluq əlaqəsində olan Elmir İsmayılov təqsirləndirilən şəxs statusundadır. Elmir İsmayılov Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbəri olmuş Üzeyir Ərəstun oğlu İsmayılovun oğludur. Üzeyir İsmayılov sabiq nazir Yavər Camalovun qardaşı, iş adamı Əlikram Camalovun kürəkənidir. Elmir İsmayılovun adı mətbuatda əvvəllər də hallanıb. 2020-ci ilin iyununda mətbuatda “Bakıda iki cangüdənlə gəzən tələbə kimdir?” sərlöhvəli yazı tirajlanmışdı. Həmin yazıda Elmir İsmayılovdan bəhs olunurdu. Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alan və 2 maşın cangüdənlə gəzən Elmir İsmayılovun bahalı maşın həvəskarı olduğu, hətta Bakı küçələrində sürətlə avtomobil sürməkdə ad çıxardığı iddia edilirdi. Bloger Həbib Müntəzir məmur oğlunun avtomobil kolleksiyasına daxil olan maşınların bir neçəsinin marka və dövlət qeydiyyat nişanları haqda da məlumat yaymışdı.
- “Mercedes GL-Class 63” markalı, 90-ZZ-009 avtomobil
- “Porsche Panamera” markalı, 90-ZZ-009 nömrəli avtomobil
- “Toyota Camry” markalı, 10-AD-011 nömrəli avtomobil
- “Mercedes S63 AMG” markalı, 90-ZZ-009 nömrəli avtomobil
- “Mercedes-Benz Gelandewagen” markalı, 90-OZ-009 nömrəli avtomobil.
Blogerin yazdığına görə, Elmirin əmisi Üveysi İsmayılov Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinin müavinidir: “Ölkədə mərmər monopoliyasına nəzarət edir. Üveysi İsmayılov Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 26 a saylı binanın yaxınlığında 3 mərtəbəli 260 kvadratmetrlik kommersiya obyekti tikdirib. O, keçmiş baş prokurorun müavini Rüstəm Usubovun kürəkənidir”.
İş üzrə iki zərərçəkəndən biri olan Elnur Məmmədovun nə işlə məşğul olması barədə məlumat olmasa da, atası Leysan Məmmədovun son iş yeri Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini postu olub. Leysan Məmmədov bu ilin aprelində vəzifəsindən ayrılıb.
Musavat.com