Mustafa Aşurov Beynəlxalq Muğam Mərkəzinin tabeliyindəki Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin baş dirijoru təyin olunub. Mədəniyyət naziri Adil Kərimli bununla bağlı müvafiq əmr imzalayıb.
Bu barədə MilliYol.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Mustafa Əhməd oğlu Aşurov 1991-ci il iyul ayının 31-də Qazax rayonunda anadan olub. 2008-2012-ci illərdə Azərbaycan Milli Konservatoriyasında (tar ifaçılığı) təhsil alıb. 2015-ci ildə Milli Konservatoriyanı dirijorluq ixtisası üzrə başa vurub.
2007-ci ildə dövlət başçısının sərəncamı ilə adı Azərbaycan Respublikası Gənc istedadların "Qızıl kitabı"na yazılmaqla Prezident təqaüdünə layiq görülüb.
2003-cü ildən respublika və beynəlxalq əhəmiyyətli festival və müsabiqələrdə iştirak edib, mükafatlara layiq görülüb.
M.Aşurov Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində tar müəllimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində orkestr dirijoru və baş müəllim vəzifələrində işləyib.
Eyni zamanda “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin dirijoru kimi fəaliyyət göstərib.
Xatırladaq ki, Baş nazir Əli Əsədovun bu ilin 31 oktyabr tarixində imzaladığı qərarla “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin S.Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri və C.Cahangirov adına Xor ştat vahidləri ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyindəki Beynəlxalq Muğam Mərkəzinə verilib.