Bakıda daha bir ərazidə söküntü işləri aparılır.
Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Aşıq Alı küçəsindəki qəzalı vəziyyətdə olan ikimərtəbəli binalar plana düşüb.
Qəzalı binalar söküldükdən sonra yerində hündürmərtəbəli binaların inşaası nəzərdə tutulub.
Uzun illər ikimərtəbəli binalarda yaşayan vətəndaşlara yeni tikiləcək binalardan mənzillər təklif olunub. Yeni inşa olunacaq binalardan mənzil almaq istəyən vətəndaşlar əvvəlki evlərindən 20 kvadratmetr əlavə mənzilə sahib olacaqlar. İnşaat işləri getdiyi müddətdə isə sakinlər kirayə pulları ilə təmin edilirlər.
Yeni inşa olunacaq binalardan mənzil istəməyən sakinlərə isə 1200-1500 manat arası kompensasiya təklif olunduğu deyilir.
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən BAKU.WS-ə daxil olan məlumata görə, qurum tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, H.Ərəblinski, Aşıq Alı və M.Fətəliyev küçələrinin kəsişməsində layihələndirilən yaşayış və qeyri-yaşayış binalarının şəhərsalma əsaslandırılması təsdiq edilib: "Hal-hazırda vətəndaşların razılığı ilə tikinti şirkəti tərəfindən sözügedən ünvanda köçürülmə prosesi davam edir.
Mənzilləri sökülən şəxslərə ödəniləcək kompensasiyanın həcmi rayon icra hakimiyyətinin iştirakı ilə vətəndaşlar və tikintini həyata keçirən şirkət arasında qarşılıqlı razılaşma əsasında müəyyən edilir. Hazırda Komitə tərəfindən həmin ünvanda hər hansı tikintinin aparılmasına icazə verilməyib".