Respublikanın bəzi bölgələrində qızılca virusuna tək-tək yoluxma halları müşahidə edilib.
Bu barədə MilliYol.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, hadisələr qızılca əleyhinə peyvənd olunmayan uşaqlar arasında qeydə alınıb.
"Bununla əlaqədar olaraq xəstəlik ocaqlarında əks-epidemik tədbirlər aparılıb, qızılca peyvəndindən kənarda qalan uşaqlar QPM (qızılca-parotit-məxmərək əleyhinə) vaksini ilə peyvəndə cəlb olunurlar. Hazırda peyvənd işləri davam etdirilir, epidemioloji vəziyyət stabildir.
Qızılca xəstəliyinə yoluxma hallarının qarşısının alınması məqsədilə hər hansı səbəbdən peyvənddən kənar qalan uşaqların yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrində qızılca, epidemik parotit və məxmərək infeksiyaları əleyhinə QPM vaksini ilə peyvənd edilməsi tövsiyə olunur", - deyə bildirilib.
Qeyd edək ki, Şəki Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın şagirdləri arasında 2023-cü ilin sentyabr ayının sonlarından başlayaraq qızılca infeksiyasına yoluxma halları baş verib. Belə ki, gimnaziyanin 22 sinifindən 18-də tək-tək yoluxma halları müşahidə olunub. Bu hallar əsasən qızılcaya qarşı vaksinasiyadan kənarda qalmış uşaqlar arasında baş verib.