Beynəlxalq axtarışa verilmiş 4 nəfər Rusiyadan ölkəmizə ekstradisiya edilib.
Baş prokurorluqdan MilliYol.az-a verilən məlumata görə, "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının 4 vətəndaşı - Həbib Kaltayev, Məhərrəm Miriyev, Rəşad Tağıyev və Cəmşid Bədirzadənin ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Həbib Kaltayevin dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə, eləcə də bu məqsədlə keçirilən döyüş təlimlərində iştirak etmə, Məhərrəm Miriyevin xuliqanlıq, Rəşad Tağıyev və Cəmşid Bədirzadənin isə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və onlar istintaqdan qaçıb gizləndikləri üçün beynəlxalq axtarışa verliblər.
Yuxarıda adları göstərilən şəxslər Rusiya Federasiyası ərazisində saxlanılaraq 30.10.2023-cü il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
Lent.az qeyd edir ki, tutulanlardan Həbib Kaltayev Balakən rayonundandır. 1982-ci il təvəllüdlü Həbib Əziz oğlu Kaltayev 2015-ci ildə idarə etdiyi “VAZ-2104” markalı avtomobillə ağır qəza törədib və 2 nəfər həyatını itirib. Həmin hadisəyə görə o, 7 il müddətinə azadlıqdan məhrum edilib.
Həbsdən çıxdıqdan sonra H.Kaltayevin ölkədən çıxaraq xaricdəki silahlı birləşmələrə qoşulmasına şübhələr müəyyən edilib.