Okytabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfərin ölməsi və 2 nəfərin xəsarət alması barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Bu barədə MilliYol.az-a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, prokurorluq və polis əməkdaşları tərəfindən kriminalist və ekspertlərin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, digər zəruri hərəkətlər aparılıb və iş üzrə əhəmiyyət kəsb edən sübutlar götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanıb.
Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
"Report"un yerli bürosunun məlumatına görə, xəstəxanaya hadisədən zərər çəkən 4 nəfər yerləşdirilib.
Bunlar 1958-ci il təvəllüdlü Mehman Mahmud oğlu Sarıyev, 1990-cı il təvəllüdlü Etibar Mahmud oğlu Sarıyev, 1960-cı il təvəllüdlü Tərlan Qulu qızı Fərəcova və Türkiyə vətəndaşı Sərkan Karakaşdır.
Onlara lazımi tibbi yardım göstərilir, vəziyyətləri ağır olaraq qalır.