Oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi olub.
MilliYol.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlət başçısı tədbirdə çıxış edib:
- Hörmətli nazirlər.
Hörmətli qonaqlar.
Xanımlar və cənablar.
Ötən ilin martında biz günəş elektrik stansiyasının təməlqoyma mərasimində iştirak edirdik. İndicə göstərilən video həmin tariximizin əlamətdar anını nümayiş etdirdi. Əminəm ki, bu, böyük bir yolun, iki qardaş ölkənin böyük yolunun başlanğıcıdır. Bu gün biz nisbətən qısa zamanda - təxminən ilyarımdan bir qədər çox müddət ərzində Abşeron yarımadasının bu boş hissəsinin yaşıl enerji mənbəyinə çevrildiyini görəndə çox qürur duyuruq. Bu, əlamətdar nailiyyətdir. Mən Azərbaycanın inkişafına verdiyi bu möhtəşəm töhfəyə, həmçinin yaşıl enerjiyə keçidlə bağlı ölkəmizə sadiqliyinə görə “Masdar”ı, onun rəhbərliyini təbrik etmək istərdim.
Bu gün qonaqlarımız arasında Birləşmiş Ərəb Əmirlikləri hökumətinin dörd nazirini, həmçinin qardaş ölkədən böyük nümayəndə heyətini görməkdən qürur duyuruq. Bu, tərəfdaşlığımızın və dostluğumuzun yaxşı nümunəsidir, eləcə də hər iki ölkənin bugünkü mərasimə böyük əhəmiyyət verdiyini nümayiş etdirir. Birincisi, ona görə ki, artıq göstərildiyi kimi, bu, regionda ən böyük günəş elektrik stansiyasıdır və ikincisi, ona görə ki, artıq qeyd etdiyim kimi, bu, sadəcə başlanğıcdır.
Bizim böyük planlarımız var və əminəm ki, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf etməkdə davam edəcək. Əminəm ki, daha çox layihələr olacaq. Faktiki olaraq bu gün - bir qədər sonra biz çox qısa zamanda 1 qiqavat bərpaolunan enerji istehsalına yol açacaq üç investisiya sazişinin imzalanma mərasiminin şahidi olacağıq. Ona görə də bugünkü tədbiri Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında qardaşlıq əlaqələrinin parlaq nümunəsi hesab edirik.
Mən bu gün bizimlə birgə olduqlarına görə əziz qonaqlarımıza minnətdarlığımı bildirmək istərdim. Mən Azərbaycana etibar edən, bərpaolunan enerjiyə böyük həcmdə investisiya yatırmağı qərar verən və Azərbaycanın yaşıl gündəliklə bağlı hədəflərə çatmasına imkan yaradacaq şirkət olan “Masdar”a xüsusi minnətdarlığımı bildirmək istərdim. Bugünkü layihə gələcəkdə həyata keçiriləcək çoxsaylı layihələrin birincisidir.
Qeyd etdiyim kimi, bu gün üç investisiya sazişi imzalanacaq, lakin bizim planlarımız daha genişdir. Biz mərhələlərlə 10 qiqavata qədər bərpaolunan enerji istehsal etmək üçün birgə işləməyi planlaşdırırıq və bu, regionun enerji inkişafında tam bir inqilab olacaq, çünki Azərbaycan dünyada ilk dəfə XIX əsrin ortalarında neftin istehsal olunduğu ölkədir. Dənizdəki yataqlardan ilk neft ötən əsrin ortalarında istehsal olunub. İndi bizim zəngin yanacaq ehtiyatlarımızın olduğunu nəzərə alaraq, biz yaşıl gündəliyə doğru irəliləyirik. Bu, məqsədli seçimdir. Bu, bizim təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə töhfəmizdir.
Ona görə də mən ümidvaram və tam əminəm ki, bizim bütün planlarımız həyata keçəcək. Bugünkü mərasim faktiki olaraq bunu nümayiş etdirir. Mən həm də ümidvaram ki, bugünkü mərasim yaxşı nümunədir və Birləşmiş Ərəb Əmirliklərindən olan bir çox şirkətlərə gəlib bizimlə işləmək üçün yaxşı siqnal olacaq. Mən bilirəm ki, bu yaxınlarda bizim milli neft şirkətlərimiz, enerji şirkətlərimiz ADNOC və SOCAR artıq Azərbaycanda rəsmi olaraq tərəfdaş olublar. Bilirəm ki, Birləşmiş Ərəb Əmirliklərində və digər ölkələrdə birlikdə işləmək üçün planlar var. Beləliklə, biz indi həqiqətən də ölkələrimiz, hökumət strukturlarımız və şirkətlərimiz arasında əməkdaşlığın inkişafının yeni mərhələyə yüksəldiyini görürük.
Azərbaycan xarici investisiyalar üçün çox açıq ölkədir. Son 30 il ərzində bizim çoxmilyardlı investisiya portfoliomuz olub. Azərbaycana ümumi investisiyalar 300 milyard ABŞ dollarından çox olub və bunun təqribən 200 milyard ABŞ dolları qeyri-neft sektorunun payına düşür. Hazırda bizim iqtisadi hədəfimiz qazıntı yanacağından asılılığımızı azaltmaq üçün iqtisadiyyatımızı şaxələndirməyi davam etdirməkdir. Lakin eyni zamanda, biz başa düşürük ki, bizim neft və qazımıza hələ uzun illər ərzində beynəlxalq bazarda tələbat olacaq. Bu məqsədlə çoxsaylı neft və qaz kəmərləri sistemi istismara verilib və indi biz neft və qazı müxtəlif istiqamətlərə ixrac edirik. Azərbaycan beynəlxalq bazarlara neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi ixracatçısıdır.
Əlbəttə ki, növbəti illərdə biz hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac edəcəyik. Bu məqsədlə biz bu potensialı yaratmaq üçün tərəfdaşlarımızla, dünyanın müxtəlif ölkələrindən olan şirkətlərlə çox yaxından işləyirik.
Azərbaycandakı investisiya mühitinə gəldikdə, mən artıq qeyd etdim ki, ölkəmizin iqtisadiyyatı çox sabitdir. Son 20 il ərzində bizim ümumi daxili məhsulumuz dörd dəfədən çox artıb. Biz birbaşa xarici borcumuzu ümumi daxili məhsulun 10 faizindən aşağı səviyyəyə salmağa və iyirmi il bundan əvvəl 50 faizə yaxın olan yoxsulluq səviyyəsini 5,5 faizə endirməyə nail olmuşuq.
Beləliklə, bu onu göstərir ki, neft və qaz ixracından daxil olan gəlirlərin ədalətli paylanılması tamamilə yeni reallığı yaradır. Növbəti illərdə biz qısa müddət ərzində milli enerji şəbəkəmizin gücləndirməsini təmin edəcək dövlət proqramını icra etməyi planlaşdırırıq. Bu, çox zəruridir. Çünki mən bizim yalnız “Masdar” şirkəti ilə icra etməyi planlaşdırdığımız layihələri qeyd etdim. Bir çox digər investisiya təklifləri var və onların bəziləri artıq icra mərhələsindədir.
Biz əlbəttə ki, milli enerji şəbəkəsini gücləndirməliyik və qeyd etdiyim kimi, dövlət proqramı icra olunur. Biz hər şeyi vaxtında edəcəyik. Biz artıq maliyyə resursları ayırmışıq ki, bərpa olunan enerji mənbələrini istehsal edən investorlarımız özlərini tamamilə rahat hiss etsinlər.
Eyni zamanda sizə məlumat vermək istəyirəm ki, bizim bərpa olunan enerji gündəliyimiz təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır. Hazırda biz üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk. Biz artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyalarını istismara vermişik və bu ilin sonuna kimi bu, 270 meqavata çatacaq. İki-üç ildən sonra hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq. Bu da yaşıl enerjiyə keçid prosesinə digər mühüm bir töhfə olacaqdır.
Ümumiyyətlə, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan artıq yaşıl enerji zonası kimi elan olunub. Bizim təbii sərvətlərimizin istifadəsi üçün böyük potensial var və aydındır ki, külək də artıq bu sərvətə çevrilib. Çünki külək həmişə, xüsusilə də təyyarə ilə enəndə bəzən müəyyən problemlərin mənbəyi olub. Lakin indi külək təbii sərvətdir.
Bunu ola bilsin, 10-20 il bundan əvvəl təsəvvürə gətirmək çətin olardı. Lakin indi bu belədir və xüsusilə Xəzər dənizində külək çox güclüdür, hətta bu gün buradakı külək onu göstərir ki, bu potensial buradadır.
Beləliklə, bunlar gələcək üçün planlardır. Əlbəttə, bu investisiyalar bizə böyük həcmdə təbii qaza qənaət etmək imkanını verəcək ki, həmin qaz hazırda elektrik enerjisi istehsalı üçün istifadə edilir. Söhbət ixrac üçün qənaət ediləcək bir neçə milyard kubmetr təbii qazdan gedir. Çünki son geosiyasi dəyişikliklər nəticəsində Azərbaycan qazına Avropada heç vaxt olmadığı qədər daha çox ehtiyac var.
Biz əsas daşıma infrastrukturunu, Xəzər dənizindəki yataqlardan Avropaya qədər uzanan 3500 kilometrlik qaz boru kəmərini vaxtında istismara vermişik. Bu da daha geniş regionun enerji təhlükəsizliyinə daha bir töhfə olacaq.
Əlbəttə ki, planlarımız enerji dəhlizini, Xəzər-Avropa İttifaqı enerji dəhlizini yaratmaq üçün tərəfdaşlarımızla fəal işləməkdən ibarətdir. Ötən ilin dekabrında müvafiq müqavilə imzalanıb. Biz artıq fəaliyyətimizə başlamışıq, rəhbər komitə bir neçə dəfə toplanıb. Bir neçə aydan sonra bizim yeni enerji təhlükəsizliyi layihəsinin - Yaşıl Enerji Dəhlizinin, inteqrasiya edilmiş ötürücü, istehsal və istehlak müəssisələrinin, o cümlədən Qara dənizin dibindən keçəcək elektrik kabelinin tam texniki-iqtisadi əsaslandırması hazır olacaq. Hazırda 4 qiqavat gücündə bərpa olunan enerji mənbələri üçün texniki-iqtisadi əsaslandırma hazırlanır.
Beləliklə, bunlar bizim planlarımızdır və müstəqillik tariximiz bizim təkcə enerji sahəsində deyil, bütün sahələrdə planlarımızın gerçəkləşdiyini göstərir. Çünki bizim siyasi iradəmiz var, bizim cəmiyyətdə birlik var. Bizim Birləşmiş Ərəb Əmirlikləri və Birləşmiş Ərəb Əmirliklərindən olan şirkətlər kimi möhtəşəm tərəfdaşlarımız var.
Əminəm ki, biz bütün məqsədlərimizə nail olacağıq və gələcəkdə bu kimi daha çox mərasimlər keçirəcəyik. Bizimlə burada olduqları üçün qonaqlarımıza bir daha təşəkkürümü bildirmək və bu əlamətdar tədbir münasibətilə hamımızı təbrik etmək istəyirəm.
Çox sağ olun.