Ümummilli Lider Heydər Əliyevin 2003-cü ildə təsdiq etdiyi “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya”nın sonrakı illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməsi nəticəsində hazırda ölkəmiz sənaye inqilabı üzrə regional mərkəzə çevrilməkdədir.
Trend xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2023” tədbirində çıxışı zamanı deyib.
"Ölkəmizin elmi-texniki tərəqqisində mühüm rol oynayan informasiya-kommunikasiya texnologiyalarının dinamik inkişafı bu sahədə təhlükəsizlik risklərinin idarə edilməsini və informasiya infrastrukturlarının kibertəhdidlərə qarşı dayanıqlılığının artırılmasını da labüd edir.
Bu isə öz növbəsində təhlükəsizliyin təmin olunmasında yeni yanaşmalar tələb edir və informasiya təhlükəsizliyinin etibarlı təminatı baxımından dövlətlərin məsuliyyətini xeyli artırır. Təsadüfi deyil ki, kritik informasiya infrastrukturlarının kibermüdafiə qabiliyyətinin gücləndirilməsi müasir dövrün ciddi əhəmiyyət kəsb edən çağırışlarından və təhlükəsizlik cəhətdən vacib vəzifələrdən hesab olunur", - deyə Ə.Nağıyev bildirib.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində “Critical Infrastructure Defence Challenge 2023” (CIDC-2023) tədbiri keçirilir.