Ermənistanda baş nazir Nikol Paşinyanın komandası ilə Qarabağdan qaçan separatçılar arasında qarşıdurma dərinləşir.
Publika.az xəbər verir ki, Paşinyanın ötən həftənin cümə günü qapalı toplantı keçirdiyi haqda məlumat yayılıb.
“Joxovurd” qəzeti qapalı toplantıda nələrin müzakirə edildiyinə dair məlumatlar əldə edib.
Qəzet yazır ki, əsas müzakirə mövzusu Rusiyanın Ermənistanda hakimiyyəti dəyişmək planları olub.
“Paşinyan komanda yoldaşlarına deyib ki, ruslar onu hakimiyyətdən salmaq istəyir, buna görə də iqtidarı qorumaq üçün lazım olan ən sərt addımlar atılmalıdır. Qərar verilib ki, Qarabağdan Ermənistana qayıdan erməni əhalisinin etiraz aksiyaları davamlı şəkildə təşkil olunmalı və əsas günah keçmiş “artsax” “rəhbərləri”nin üzərinə qoyulmalıdır. Ermənistan hakimiyyəti də quldurlara qarşı mübarizə adı altında bu istiqamətdə təbliğat kampaniyası aparmalıdır. Bununla yanaşı, Bakıda həbsdə olan üç “rəhbərin” – Araik Arutyunyan, Bako Saakyan və Arkadi Qukasyanın azadlığı ilə bağlı kampaniyanı hakimiyyət üzərinə götürməlidir”, - qəzet qeyd edir.
Qəzet yazır ki, Paşinyan hakimiyyətinin əsas hədəfi keçmiş “artsax” “rəhbərliyinin” gözdən salınmasıdır: “Qərara alınıb ki, onların ictimai-siyasi nüfuzu məhv edilməlidir. Hazırda bütün narazılıqların oxları Şahramanyana tərəf yönləndirilir. Buna paralel olaraq, anti-Rusiya təbliğatının genişləndirilməsi ilə bağlı qərar verilib”.