Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad edib.
Qara Yanvar hadisələrindən 27 il keçir. 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Təpədən-dırnağadək silahlanmış keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsini daha ucadan bəyan etmişdi. Düz 27 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının o vaxtkı rəhbərlərinə və onların Azərbaycandakı nökərlərinə dərin nifrətini bildirir.
Keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımıza iddia edən Ermənistanın təcavüzkar siyasətinin açıq-aşkar dəstəklənməsinə və respublikanın o zamankı rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda misli görünməmiş faciəyə gətirib çıxardı, böyük itkilərlə, günahsız insanların ölümü ilə nəticələndi. Buna baxmayaraq, Azərbaycanın o vaxtkı səriştəsiz, kölə psixologiyalı rəhbərlərinin yenə də xalqla bir olmağa cəsarəti çatmadı və onlar sovet rəhbərliyinin ətəyindən yapışmaqda davam etdilər.
Onlardan fərqli olaraq, həmin vaxt Moskvada yaşayan xalqımızın dahi oğlu Heydər Əliyev həyatını təhlükədə qoyaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gələrək, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Bununla da Ulu Öndər cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübut etdi.
Əlbəttə, ermənilərin fitvası ilə törədilmiş bu cinayət Azərbaycan xalqının iradəsini qıra, azadlıq eşqini söndürə bilmədi. Xalqımız qanı bahasına da olsa istəyinə - azadlıq və müstəqilliyinə qovuşdu və bu nailiyyəti heç vaxt əlindən verməyəcəkdir.
Keçmiş sovet hərb maşınının Azərbaycanda törətdiyi qanlı qırğın mahiyyətinə görə dövlətin öz vətəndaşlarına qarşı tarixdə misli görünməmiş təcavüzü, qətliamı idi. Keçmiş SSRİ və Azərbaycan SSR konstitusiyalarının kobudcasına pozulması, ayaqlar altına atılması idi. Həmin gün keçmiş SSRİ dövləti dinc əhalinin üstünə qoşun yeritməklə BMT Nizamnaməsinə, beynəlxalq hüquq normalarına məhəl qoymamış, iştirakçısı olduğu Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın bir sıra müddəalarını cinayətkarcasına pozmuşdu.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi və cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı. 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edildi.
Azərbaycan xalqı hər il 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edir.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...