Gürcüstan parlamentinin bu gün keçirilən iclasında ölkə prezidenti Salome Zurabişvilinin impiçmenti məsələsinə baxılıb.
MilliYol.az xəbər verir ki, iclasda hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze prezidenti konstitusiyanı pozmaqda ittiham edib.
“Zurabişvili ləyaqətli olsaydı, istefa verərdi”, - deyə o vurğulayıb.
İclasda iştirak edən Prezident Zurabişvili isə ittihamlara cavab verib. O, hüquqi və demokratik dövlətin dayağı olan Konstitusiya Məhkəməsinin öz rolunu tamamilə tərk edərək siyasi müstəviyə keçdiyini deyib.
Daha sonra məsələ səsverməyə çıxarılıb. Prezident Salome Zurabişvilinin impiçmenti qəbul edilməyib.
Qeyd edək ki, hakim Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyası sentyabrın 1-də Zurabişviliyə qarşı impiçment proseduruna başlandığını elan edib. Partiya bu qərarını prezidentin dövlətin əsas qanununu pozması ilə izah edib. Hakim partiyaya görə, Zurabişvilinin hökumətin icazəsi olmadan Avropa turnesinə çıxması konstitusiya pozuntusudur.
Oktyabrın 16-da Gürcüstanın Konstitusiya Məhkəməsi Zurabişvilinin qanunu pozması işi üzrə qərarını açıqlayıb. Müvafiq qərarı məhkəmənin 9 üzvündən 6-sı dəstəkləyib. Bundan sonra proses parlamentə keçib. Eyni zamanda impiçmentin həyata keçirilməsi üçün təkcə hakimiyyətdə olan partiyanın deyil, həm də müxalifətin səsi tələb olunurdu.