Bakı Nəqliyyat Agentliyinin (BNA) direktoru Vüsal Kərimli hökumətin inamını itirib və tezliklə tutduğu vəzifədən azad ediləcək.
“Qaynarinfo.az” saytını bilgiləndirən və şübhə etmədiyimiz mənbə qeyd edir ki, buna səbəb Vüsal Kərimlinin bir ildən artıqdır yaradılan qurumdakı səmərəsiz fəaliyyətidir.
Azərbaycanda nəqliyyat sektoruna milyonların ayrılmasına baxmayaraq, bu sahədə vəziyyət getdikcə pisləşir. Marşrutların düzgün nizamlanmaması, əhaliyə lazımi səviyyədə xidmət göstərməməsi, tez-tez qəzaların baş verməsi artıq günün probleminə çevrilməyə başlayıb.
2015-ci ilin dekabrında ölkə başçısı Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında fərman imzalayıb.
Bakı Nəqliyyat Agentliyi (BNA) adlanan bu quruma paytaxtın inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsinə aid normativ hüquqi aktların müddəalarına riayət edilməsinə nəzarətin həyata keçirilməsi, habelə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması üçün tədbirlər görmək həvalə olunub.
Qısacası, paytaxt nəqliyyatındakı mövcud problemlərin aradan qaldırılması üçün hökumət tərəfindən quruma bütün səlahiyyətlər verilib və bütün şərait yaradılıb.
Lakin yarandığı bir ildən artıq müddətdə gözləntiləri doğrultmayan qurumun taleyi sual altındadır. Qurumun rəhbəri Vüsal Kərimli isə mətbuatın gündəmindən düşmür.
Türkiyə prezidenti R.T.Ərdoğana yaxınlığı ilə bilinən, Türkiyənin çoxtirajlı “Yeni Akit” qəzeti bir neçə həftə öncə sensasion məqalə dərc edərək Bakı nəqliyyatına rəhbərlik edən şəxsin Fətullah Gülənlə əlaqələrinə diqqət çəkmişdi. Qəzet iddia edir ki, Vüsal Kərimli Gülən şəbəkəsinin üzvüdür və ictimaiyyətin yaxından tanımadığı bu şəxsin keçmişi qaranlıqdır: “Vüsal Kərimli 2014-cü ildə qəfildən bağladığı şəxsi “Facebook” səhifəsində Gülən camaatının imamlarının da aktiv iştirakı ilə FETÖ-nün təbliği ilə məşğul olub. Hələ liseydə oxuduğu illərdən başlayaraq gülənçilərin Azərbaycandakı özəyinin rəhbərliyinin ciddi nəzarətində olan Vüsal Kərimli daha sonra FETÖ-yə sədaqət üçün keçdiyi bütün sınaqlardan müvəffəqiyyətlə çıxaraq, gizli sektanın ən inamlı müridlərindən birinə çevrildi. Azərbaycanda FETÖ üzvlərinin təsir dairəsində olan bir çox strukturlarda çalışan Vüsal Kərimli daha sonra qarşısına daha böyük tapşırıqlar qoyularaq dövlət idarə sisteminə sızdırıldı”.
“Yeni Akit” qəzeti həmçinin Bakı 2015 ərəfəsində “BakuBus” avtobusunun facivəi qəzasının da gizlinlərini açıb:
“Bakıda keçirilən I Avropa Oyunları zamanı “BakuBus” MMC-nin sürücüsünün avtobusla xarici idmançıları vurmasından sonra ciddi problemlər yaşayan Vüsal Kərimli FETÖ özəyinin səyləri nəticəsində öz yerini qoruyub saxlaya bildi. Hətta 2015-ci ilin dekabr ayında isə Bakı Nəqliyyat Agentliyinin yaradılmasından sonra bu quruma rəhbər təyin edildi. Qurum yaradılarkən Nəqliyyatın İntellektual İdarə edilməsi Mərkəzi kimi mühüm bir sahə də bu agentliyə, yəni gənc FETÖ-çünün ixtiyarına verildi. Artıq paytaxt nəqliyyatı və nəqliyyatı tənzimləmək üçün qurulmuş nəhəng kamera-müşahidə şəbəkəsi Vüsal Kərimlinin nəzarətindədir”.
Qəzet 2014-cü ildə Vüsal Kərimlinin Fətullah Gülən haqqında öz “Facebook” profilindən etdiyi təbliğat məqsədli paylaşımları təqdim edib.
Bakı Nəqliyyat Agentliyi və rəhbəri ətrafındakı qalmaqal əlbəttə ki, bununla bitmir. Bakı nəqliyyatını öz qohumlarına həvalə edən Vüsal Kərimli artıq yaranmış vəziyyətdən çıxış yolu tapa bilmir. Axı necə nəzarət edə bilər ki? Bütün qohum-əqrabasını quruma dolduran, nəqliyyatla əlaqəsi olmayan şəxslərə məsul vəzifələr verəndən sonra nə onlara söz keçirə, nə də ki, “üz-üzdən utanar” məsələsi onları işdən azad edə bilir...
Məlumat üçün qeyd edək ki, Vüsal Kəimlinin əmisi oğlu Amil Kərimov “BakuBus” şirkətində mühim vəzifə daşıyır və faktiki olaraq qurum onun nəzarətindədir. Camal Kərimov isə yenə onun yaxın qohumudur və marşrut xətlərini qeyri-rəsmi olaraq bu şəxs “paylayır”. V.Kərimli həmçinin həmkəndlisi Zəminə Məhərrəmovaya da vəzifə verərək öz kadrlarının seçimini ona həvalə edib.
V.Kərimlinin müşaviri olan M.Abbasovun diplomunun etibarsız olduğu qeyd edilir. Aşağıdakı fotodan da göründüyü kimi Sankt-Peterburq institunun məzunu olduğu bildirilən M.Abbasovun diplomu xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə notifikasiyadan keçə bilmədiyi üçün Azərbaycanda etibarsız hesab olunur. Ancaq buna baxmayaraq Vüsal Kərimli onu özünə müaşvir təyin edib və paytaxt sakinlərinin nəqliyyat məsələlərini ona həvalə edib. Ən maraqlı məqamlardan biri də budur ki, etibarsız diplom ilə Mübariz Abbasov necə dövlət qulluqçusu olmasıdır. Xüsusi imtahan qaydası ilə dövlət qulluqçusu statusunu necə əldə edib yaxud həmin proseduradan və imtahandan keçibmi?
Bu və digər suallar çox olsa da, buna cavab tapmaq artıq mümkün deyil.
Qurum rəhbəri haqqında daha bir məlumat isə onun artıq hökumətdəki inamını itirməsidir.
Ən çox şikayət edilən quruma çevrilən BNA-da problemli sahələrin başında marşrutların təyin edilmə prossesidir. BNA tərəfindən bir neçə marşrutun bağlanması, sonra isə qəflətən qərarını dəyişdirməsi təcrübəsi artıq gülünc vəziyyətə çevrilib.
BNA "Bakubus” şirkətinə yer işğal etmək üçün şəxsi marşrut sahibkarlarını bezdirdikcə yenə də yaranmış vəziyyətdə uduzan sərnişinlərdir. Nəticədə insanlar tranzit marşrut xəttlərindən istifadə edərək daha çox zaman və pul xərcləmək məcburiyyətində qalırlar.
Vüsal Kərimli və məmurları eyni vəziyyəti tez-tez təkrarlayırlar. Sınaq və səhvlər üsulu ilə marşrutların "optimallaşdırılması” üzrə təcrübələr Bakıda kütləvi şəkildə həyata keçirilir. Bunun nəticəsində yüzlərlə adam ya avtobusunu gözləyərək, ya da yalnış marşrut istiqamətində getməklə işə, gedəcəyi ünvana gecikir.
Geridə qoyduğumuz ilin son aylarında isə sərnişin avtobusu sürücülərinin törətdiyi yol qəzalarının sayı xeyli artıb və bu qəzaların bir çoxunda insan ölümü qeydə alınıb. Təkcə bu ilin dekabr ayı ərzində 10-a yaxın avtobus sürücüsü qəza törədib. Qəzaların çoxu avtobusların piyadaları vurması ilə nəticələnib. Belə ki, dekabrın 22-də Bakının Suraxanı rayonunda 132 saylı marşrut xətti üzrə Əhmədli qəsəbəsindən Hövsan qəsəbəsi istiqamətində hərəkət edən "Daewoo” markalı avtobus Hövsan Olimpiya İdman Kompleksinin qarşısında yolu keçmək istəyən 1955-ci il təvəllüdlü Eldar Abış oğlu Fərəcovu vurub. O, hadisə yerindəcə dünyasını dəyişib.
Digər hadisədə isə sərnişin avtobusu qadını vurub. Həmin şəxs də hadisə yerində ölüb.
Qeyd edək ki, ötən il baş verən yol qəzalarının bir qismini məhz avtobus sürücüləri törədib. Bu da hazırda Bakı sərnişinnəqliyyatının iflic vəziyyətdə olmasının tam sübutudur.
Ekspertlər isə düşünürlər ki, problemin əsas səbəbi nəqliyyat sisteminin düzgün qurulmamasıdır. Halbuki, Bakı Nəqliyyat Agentliyi yaradıldı və bu qurum problemləri həll edəcəyinə dair böyük vədlər verdi. Bu vədlərdən bir ildən çox vaxt keçməsinə baxmayaraq, hələ də vəziyyət acınacaqlı olaraq qalır.
Nəqliyyat üzrə ekspert Məzahir Rüstəmov bildirib ki, Bakı Nəqliyyat Agentliyi (BNA) yaradıldığı gündən heç bir dəyişiklik olmayıb. Onun fikrincə, böyük məbləğdə vəsait xərclənməsinə baxmayaraq, heç bir köklü yenilik yoxdur:
"Qış aylarında nəqliyyatdan istifadə daha da çətinləşib. Bir daha baş verənlər onu göstərir ki, qaydalara əməl olunmur. Həddindən artıq sərnişin götürmə, sürücülərin planlarının artırılması bu sahədəki çatışmazlıqlardandır. Qaydalara əməl olunmadığı halda, belə hadisələr baş verir.
2011-ci ilin noyabr ayından intellektual idarəetmə sisteminin tətbiqinə başlanıb, sistem öncələr işləsə də, hazırda həmin sistem iflasa uğrayıb. Dayanacaqlarda quraşdırılan məlumat tabloları isə sökülməyə başlanıb.
Paytaxt nəqliyyatındakı digər problemlərdən biri isə sərnişin avtobuslarında quraşdırılan monitorlarla bağlıdır. Avtobus sürücüləri deyirlər ki, avtobuslar arasındakı intervalı tənzimləmək üçün nəzərdə tutulmuş monitorların birinin dəyəri təqribən 1000 manatdır. Lakin 1900 avtobusa quraşdırılan monitorlar qısa müddətdə sökülərək dəyərsiz əşya kimi atılıb.
Dövlət büdcəsindən xərclənən böyük miqdarda vəsaitə baxmayaraq, yeni yaranan BNA özündən əvvəlki NİİM-i də iflic vəziyyətinə salıb. Əvəzində isə vəd edilmiş əvəzedilməz sistem yaratmaq iddiası ilə çıxış edib. Qurumdan bildirilirdi ki, Bakıda mövcud sıxlıq aradan qaldırılacaq və sərnişin avtobusları saat kimi işləyəcək. Lakin gün keçdikcə avtobusların sistemlə işləməsi vədləri də puç olmağa başlayıb.
Marşrut xətlərində müəyyən ixtisarlar aparılıb. Bildirilir ki, yenidən bu sahədə ixtisarlar aparılacaq. Bizim müşahidələrimiz isə onu göstərir ki, bu sistem düzgün qurulmayıb. "BakuBus”ın əhatə etdiyi ərazilər, onunla paralel işləyən digər marşrut xətlərinə fikir verdikdə görərik ki, sistem qurularkən sərnişinlər nəzərə alınmayıb. "BakuBus” şirkəti paytaxtın əsas ərazilərini öhdəçiliyə götürüb, digər ərazilər onun üçün maraqlı deyil”, - deyə M. Rüstəmov bildirib.
Qeyd edək ki, əvvəllər xəttə buraxılan "BakuBus” avtobusları heç olmasa normal işləyirdi. Son aylarda isə bu avtobuslardan da şikayət xeyli artıb.
Bu, işə rəhbərlik edən şəxslərin artıq qazanmaq istəyindən irəli gəlir.
Kamil Əhmədov adlı sərnişin bu sistemin tətbiqindən sonra ümumiyyətlə, avtobusların çox pis işləməsindən şikayətlənir:
"Əvvəllər yenə sıxlıq olsa da, avtobuslar vaxtlı-vaxtında işləyirdi. İndi avtobusların arasındakı interval artıb. Bir istiqamətə ancaq "BakuBus” avtobusu gedir. Elə vaxt olur ki, onu da uzun müddət gözləyirsən, gəlib çıxmır”.
Belə problemlər yeni sistemin təşkilində qüsurların olmasından xəbər verir. İslahatların keçirilməsi yalnız yeni avtobusların alınması demək deyil. Bütün bu problemlərin əvvəli işə götürən tərəfin məsuliyyətsizliyi səbəbindən başlanır və bu xətlərin kimin əlində olması, işə götürənlə sürücülər arasında müqavilələrin düzgün olmaması, yeyinti amilinin mövcudluğu, marşrut xətləri arasında rəqabətin olmaması, bu sahənin inhisarçılığa keçirilməsi mövcud problemləri daha da qabarıq şəkildə göstərir. Nəqliyyatın bir şirkət tərəfindən idarə edilməsi, xidmət keyfiyyətinin aşağı səviyyədə olmağına səbəb olur. Burada isə rəqabət yoxdur.
Görünən isə budur ki, bütün bu və digər problemlərin həllinə söz verən Vüsal Kərimlinin daha sonra qurumu öz şəxsi obyekti kimi idarə etməsi, nəqliyyatdakı problemlərin həll edilməməsi “yuxarıların” onun haqqındakı müsbət fikrini dəyişib və ona qarşı etimadı itirib. Bütün bunların fonunda vəzifəsindən gedəcəyini hiss edən V.Kərimlinin indi başı daha çox öz vəzifəsini qorumaq üçün kanallar axtarmağa qarışıb. Zaman isə onun əleyhinə işləyir...
Mənbə: qaynarinfo.az
Digər xəbərlər
loading...