“Müzəffər Ali Baş Komandan İlham Əliyev və onun Müzəffər Ordusunun Qarabağda qazandığı tarixi zəfər itirilmiş tarixi torpaqlarımızın qaytarılmasının təməllərini atmaqla yanaşı, Azərbaycanın gələcəyinə və gələcək nəsillərə ismarış oldu”.
Bunu “Report”a açıqlamasında, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Mübariz Ağalarlı deyib.
O xatırladıb ki, işğala məruz qalmaq, torpaq itkisi hər bir xalqın siyasi, sosial-iqtisadi və etno-mədəni həyatına ciddi zərbə vurmaqla yanaşı, mənəvi-psixoloji dünyagörüşündə də olduqca dərin izlər buraxır: “Təəssüflər olsun ki, qədim dövlətçilik ənənələrinə və böyük tarixi keçmişə sahib olan, böyük imperiyalar yaradan Azərbaycan xalqı da XIX əsrin ilk onilliklərində bu acı həqiqətlə üz-üzə qaldı”.
Onun sözlərinə görə, XIX əsrin sonu - XX əsrin əvvəllərində mövcud müstəmləkə rejiminin bütün qadağalarına rəğmən, milli dövlətçilik prosesində çox ciddi addımlar da atılıb. Məhz bunun nəticəsində Azərbaycanın Xalq Cümhuriyyəti (AXC) xadimləri və milli ziyalıları 1918-ci ilin may ayının 28-də türk-müsəlman dünyasında ilk respublika olan Azərbaycan Cümhuriyyətini elan etdilər: “AXC-nin qorunub saxlanmasında və beynəlxalq aləmdə tanınması üçün ölüm-dirim mübarizəsi aparan cümhuriyyət qurucuları, təəssüf ki, bölgədə əleyhimizə baş verən gerçək siyasi vəziyyəti, böyük güclərin təzyiqini, ilk milli dövlətimizin mövcudluğunun qorunmasını və digər ərazilərinin təhlükəsizliyini nəzərə alaraq qədim Azərbaycan şəhəri İrəvanı ətrafındakı təqribən 9,5 min kv/km. torpaqla birlikdə ermənilərə güzəştə getmək məcburiyyətində qaldı. 23 ay müddətində mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik Rusiyası tərəfindən işğal edilməsi (1920-ci il) Azərbaycan torpaqlarının ilhaq edilməsinə münbit şərait yaratdı”.
M.Ağalarlı bildirib ki, Sovet Rusiyası tərəfindən tarix boyu dövlətçilik ənənələri olmayan, yalnız XX əsrin əvvəllərində Azərbaycan torpaqları üzərində qurulan erməni dövlətinə, davamlı olaraq torpaqlarımız “hədiyyə” olunmağa başlayıb: “1920-ci il avqustun 10-da Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycan SSR-in rəhbərliyinin və əhalinin rəyi öyrənilmədən Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək barədə qərar çıxardı. Zəngəzur bölgəsinin Ermənistana verilməsi isə 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olunub. Moskvanın təkidi və təzyiqi ilə qəbul olunan bu qərar nəticəsində Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.637 kv. verstlik hissəsi Ermənistana verilib. 1929-cu ildə məşhur Nüvədi və daha 11 Azərbaycan kəndi Ermənistana verilib və bununla da Azərbaycan torpaqlarının hesabına 29,8 min kv.km olan “Ermənistan” dövləti yaradılıb. Zaqafqaziya MİK-in 1929-cu il 18 fevral tarixli qərarına əsasən, Azərbaycan SSR-in rayonlaşdırılması ilə əlaqədar Şərur-Dərələyəz qəzası ləğv edilib, tərkibindəki Qurdqulaq, Xaçik, Horadiz kəndləri torpaqları ilə birlikdə Ermənistana qatılıb. Bu, Moskva müqaviləsinin (1921) və Qars müqaviləsinin (1921) şərtlərinə, eyni zamanda beynəlxalq hüquq normalarına tamamilə zidd idi. Azərbaycanın tarixi ərazilərinin illər keçdikdə müxtəlif bəhanələrlə Ermənistana birləşdirilməsi prosesinin qarşısı yalnız 1969-cu ildən sonra alındı. Ulu Öndər Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövrdə Ermənistana bir qarış belə torpaq verilməyib”.
O əlavə edib ki, 1988-ci ildə ermənilər tərəfinin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlamış münaqişə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə nəticələndi və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsası qoyuldu: "Azərbaycan bütün siyasi və diplomatik vasitələrdən istifadə edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə çalışsa da, Ermənistan Respublikasının rəhbərliyinin və eləcə də qondarma DQR separatçılarının destruktiv siyasəti buna imkan vermədi və münaqişə eskalasiya mərhələsinə keçərək müharibə ilə yekunlaşdı. I Qarabağ müharibəsi (1991-1994-cü illər) nəticəsində Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisinin beşdə-bir hissəsi (keçmiş DQMV və onunla qonşu olan yeddi inzibati rayon - Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal edildi. Hərbi əməliyyatlarda iyirmi mindən çox azərbaycanlı həlak oldu, bir milyona yaxın insan isə qaçqın və məcburi köçkünə çevrildi”.
“Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycanın daxili və xarici siyasətində həlledici dönüş baş verdi. Ulu Öndərin hakimiyyəti dövründə müstəqil Azərbaycan Respublikasının dövlət təsisatlarının formalaşdırılması, əsası qoyulan uğurlu diplomatiya və xarici siyasət istiqamətləri uzun illər boyu itirilən torpaqlarımızın geri qaytarılması üçün münbit zəmin hazırladı. Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycanın güclü bir dövlətə çevrilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər, xarici siyasətdə qazanılan uğurlar, həmçinin Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin Azərbaycan Respublikasının bütün sahələrdə dinamik inkişafına nail olması yeni bir mərhələnin əsasını qoyaraq tariximizin dönüş nöqtəsinə çevrildi. Artıq 200 illik bir tarixi dönəmdə zorla qoparılaraq əlimizdən alınan Vətən torpaqlarının geri qaytarılması zamanı yetişdi. II Qarabağ savaşı – Vətən müharibəsi bu tarixi dönüşün – itirilmiş torpaqların geri qaytarılmasının başlanğıcı oldu”.
2020-ci il sentyabrın 27-də erməni hərbi birləşmələrinin yenidən atəşkəs rejimini pozaraq hərbi təxribatlara əl atmasına cavab olaraq müzəffər ordumuzun Ali Baş Komandanı İlham Əliyevin əmri ilə Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatına başladı. Azərbaycan Respublikası, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini (822, 853, 874, 884 saylı qətnamələr-red) və BMT-nin sülhməramlı missiyasının sülhə məcburetmə prinsipini əsas götürərək beynəlxalq humanitar qaydalar çərçivəsində erməni işğalçılarına qarşı zəfər yürüşünü həyata keçirdi. Azərbaycan Ordusunun rəşadəti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və uğurlu diplomatik fəaliyyəti ilə Azərbaycan dövləti 30 ilə yaxın bir dövrdə işğal altında olmuş Dağlıq Qarabağ və ətraf əraziləri erməni işğalından azad edərək ərazi bütövlüyünü bərpa etdi”, - deyə alim əlavə edib.
O, vurğulayıb ki, eyni zamanda bu qələbə ilə uzun illər Cənubi Qafqazda və işğal olunmuş Qarabağ bölgəsində kök salmış erməni terrorizminə də ağır zərbə vuruldu: "2023-cü ilin sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda erməni separatizminin və terrorçu birliklərinin birdəfəlik kökünün kəsilməsi məqsədilə həyata keçirilən antiterror tədbirləri 23 saat 43 dəqiqə müddətində böyük uğurla başa çatdı. Bu qələbə ilə Azərbaycan Respublikası II Qarabağ savaşında qazandığı tarixi qələbə ilə bərpa etdiyi ərazi bütövlüyü üzərinə yeni bir qələbə də əlavə edərək bütün Azərbaycan hüdudları çərçivəsində öz suverenliyini tam şəkildə bərpa etmiş oldu".
M.Ağalarlı vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev və onun müzəffər ordusunun Qarabağda qazandığı bu tarixi zəfər itirilmiş tarixi torpaqlarımızın qaytarılmasının təməllərini atmaqla yanaşı, Azərbaycanın gələcəyinə və gələcək nəsillərə bir ismarış oldu: “Hələ Ulu Öndər Heydər Əliyevin Dünya Azərbaycanlılarının I Qurultayında dünya azərbaycanlılarına müraciətlə - “Siz unutmamalısınız ki, dünyada müstəqil Azərbaycan dövləti var. Unutmamalısınız ki, bu torpaq bütün azərbaycanlıların doğma torpağıdır”- ismarışı və Prezident İlham Əliyevin II Qarabağ Müharibəsindən sonra söylədiyi “Bu gün əminəm ki, dünya azərbaycanlıları yaşadıqları bütün ölkələrdə başı dik, alnıaçıq, üzüağ gəzirlər və öz tarixi vətəni olan Azərbaycanla haqlı olaraq fəxr edirlər” ifadəsi tarixi torpaqlarımızın geri qaytarılmasında, Azərbaycan adlı tarixi siyasi coğrafiyanın bütövləşməsində dünya azərbaycanlılarına bir səslənişdir”.