"Azərbaycanla Qarabağdakı Rusiya sülhməramlılarının gələcək taleyi müzakirə olunacaq, lakin Ermənistanla təmasları davam edəcəyik".
MilliYol.az xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.
"Qarabağdakı rus sülhməramlıları məsələsi İrəvanla müzakirə olunmayıb, de-fakto və de-yure bura Azərbaycanın ərazisidir", deyə Peskov bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da Rusiya sülhməramlılarının Qarabağda qalma şərtlərinə ciddi düzəlişlər edildiyini bildirib: "Son bir ildə Qarabağda vəziyyət kəskin şəkildə dəyişib. 2022-ci ilin oktyabrında Ermənistanın baş naziri Avropa İttifaqının himayəsi altında Praqada keçirilən sammitdə Qarabağ bölgəsini Azərbaycan ərazisi kimi tanıyıb, sammitlərdə öz mövqeyini bir daha təsdiqləyib”.
Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyannaməyə uyğun olaraq Azərbaycan Qarabağ iqtisadi rayonunun bir hissəsinə yerləşdirilib.