İranın himayə etdiyi Livanın "Hizbullah" qruplaşması İsrail Müdafiə Qüvvələrinin mövqelərinin atəşə tutulmasına görə məsuliyyəti öz üzərinə götürüb.
MilliYol.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
"Fələstin müqavimət qüvvələri ilə həmrəylik olaraq... bir qrup döyüşçümüz bu səhər işğal olunmuş Livanın Şebaa fermaları yaxınlığında sionist ordusunun üç mövqeyinə hücum edib”, deyə bəyanatda bildirilir.
Qrup nümayəndələri iddia edirlər ki, onlar İsrail ordusunun radar stansiyasını "birbaşa vura” biliblər.
Bundan əvvəl İsrail ordusu atəşə cavab olaraq Livanda bölgəyə zərbələr endirməyə başlayıb. "Hizbullah" Qəzza zolağında quru əməliyyatı olacağı təqdirdə İsrailə hücum etməyə hazır olduğunu bəyan edib.
Bu arada Təl-Əviv yaxınlığında yerləşən İsrailin ən böyük David Ben-Qurion Beynəlxalq Hava Limanı normal şəkildə işləməyə davam edir, uçuşların ləğvi ilə bağlı bütün qərarlar aviaşirkətlər tərəfindən özəl olaraq verilir. Bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Vətənə qayıtmaq istəyən xaricdəki israillilərə bildiririk ki, Ben Qurion hava limanı uçuşlar və enişlər üçün açıqdır. Bəzi xarici aviaşirkətlər İsrailə uçuşları ləğv ediblər - bunu şirkətlərin özləri ilə yoxlamaq lazımdır”, deyə nazirliyin açıqlamasında bildirilir.
Nazirlik əlavə edib ki, İsrail aviadaşıyıcıları "müntəzəm uçuşları davam etdirir və dünyanın bir neçə nöqtəsindən uçuşların sayı da artır”.
ABŞ-nin Türkiyədəki səfirliyi isə Ankaranın İsrail-Fələstin münaqişəsi ilə bağlı çağırışlarına qatıldığını açıqlayıb: "Fələstin və İsraildə böyük miqyaslı insani faciələrin baş verdiyinin şahidi oluruq. Gərginlik və zorakılığın azaldılması çağırışlarında Türkiyə hökumətinə və bir çox dünya liderinə qatılırıq”.
Qeyd edək ki, ötən gün Türkiyənin Xarici İşlər Nazirliyi İsraillə Fələstin arasından yaranmış gərginliklə bağlı bəyanat yayıb. Qardaş ölkə zorakılıq aktlarının və bununla bağlı eskalasiyaların heç kimə fayda verməyəcəyini vurğulayıb, tərəfləri təmkinli davranmağa və impulsiv addımlardan çəkinməyə çağırıb: "Biz Türkiyə olaraq bu hadisələrin daha da böyümədən və böyük əraziyə yayılmadan nəzarət altına alınması üçün əlimizdən gələni etməyə hər zaman hazırıq. Bununla bağlı aidiyyatı tərəflərlə intensiv təmaslarımızı davam etdiririk. Biz tərəfləri güc tətbiqindən əl çəkməyə və daha da gecikmədən bu baxışa uyğun olaraq qalıcı həll yoluna çalışmağa dəvət edirik”.