"Azərbaycanda kənd təsərrüfatının siyahıya alınması yenilik deyil. 2015-ci ildə də belə bir tədbir keçirildi. Lakin biz hələ də statistik məlumatları tam əldə edə bilməmişik".
Bu sözləri Valyuta.az-a kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov Azərbaycanda kənd təsərrüfatının siyahıya alınması ilə bağlı yaradılan komitə haqqında danışarkən deyib.
Vahid Məhərrəmov bildirib ki, bu komitənin yaradılmasına səbəb statistik məlumatların dəqiqləşdirilməsi, uçotunun aparılmasıdır:
"Əslində 2015-ci ildə və ondan əvvəl belə tədbirlər həyata keçirildi. Lakin biz kənd təsərrüfatı ilə bağlı dəqiq məlumatları hələ də əldə edə bilməmişik. Hələ də Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumatlar dəqiq deyil. Bizim torpaq sahələrinin ümumiyyətlə kənd təsərrüfatına yararlı, əkinə yararlı, suvarılan torpaq sahələri ilə bağlı təqdim edilən statistik məlumat düzgün deyil".
"Külli miqdarda vəsait ayırmışdı, pul yoxa çıxdı, amma..."
Ekspert deyib ki, son 20-30 ildə əkinə və həm də kənd təsərrüfatına yararlı sahələr xeyli azalıb:
"Hazırda struktur layihələr həyata keçirilir, yeni yollar salınır, genişləndirilir. Həmin əkin ərazilərində müxtəlif obyektlər - sosial layihələr, yaşayış evləri, kommersiya obyektləri tikilir. Ümumi baxanda ciddi bir dəyişiklik görməmişik. Statistik məlumatları təxmini müəyyən edirlər. Bir misal deyim. Heyvanların baş sayı ilə bağlı hökumətə layihə təqdim olunmuşdu, beynəlxalq qurumlar külli miqdarda vəsait ayırmışdı. Həmin vəsait yoxa çıxdı, əvəzində heç bir iş görülmədi.
Bu gün ölkədə nə qədər iri buynuzlu, xırda buynuzlu heyvanlar var, bunun identifikasiyası aparılır və s. haqqında məlumatlar verilirdi.
Hər bir heyvanın qulağına birka vurularaq dəqiq uçotu getməli idi. Heyvanlar doğularkən, kəsimə gedərkən bu uçot nəzərə alınmalı idi. Onlar barədə məlumatları internet vasitəsi ilə izləyə bilərdik. Lakin bu həyata keçirilmədi".
Vahid Məhərrəmov deyib ki, görüləcək işlər həddən artıq çoxdur:
"Biz əvvəl nəyimiz var onu bilməsək, nə edəcəyimizi heç vaxt bilməyəcəyik. Çünki birinci istehsal vasitəmizi müəyyən etməliyik. İstehsal vasitələri isə toxumdur, heyvanlardır, texnikadır, avadanlıqlardır. Ona görə də düşünmürəm ki, indi görüləcək tədbirlər nəticə versin. Çünki indiyə qədər bir iş görülməyib. Bütün statistika təxminidir".
"İnsanların istehlak edəcəyi buğdanı heyvanlara yedizdirdiniz, bəs niyə həmin il süd, yumurta, ət istehsalı artmadı?"
Vahid Məhərrəmov əlavə edib ki, əgər əsl statistik rəqəmlər ortaya çıxsa, onların yaydığı rəqəmlər alt-üst olacaq:
"İş görmək istəmirlər. Əgər əsl rəqəmlər ortaya çıxsa, onların bu günə qədər yaydığı rəqəmlər alt-üst olacaq. Ondan sonra bunlardan soruşmaq lazım olacaq ki, bu rəqəmlər necə olub ki, fərqli göstərilib. Dövlət Statistika Komitəsinin məlumat bazasına girsək görərik ki, 2020-ci ilə qədər Azərbaycanda buğda istehlakı 2 milyon 500 min tondur. Amma sonrakı ilə baxsaq görərik ki, bu istehlak 2 milyon tona düşüb. Bu niyə belə oldu? Əhali birdən-birə azaldı? Ola bilərmi ki, bir ildə 20 faiz əhali azalsın? Yaxud da əhali az çörək yedi, az un məmulatlarından istifadə etdi? Bu da mümkün deyil. Bəs nə baş verdi? Sadəcə guya bu qədər buğda heyvan yemi kimi isitifadə olunur kimi göstərdilər. İnsanların istehlak edəcəyi buğdanı heyvanlara yedizdirdiniz, bəs niyə həmin il süd, yumurta, ət istehsalı artmadı? 500 min ton az rəqəm deyil. Bu, ciddi şəkildə heyvandarlıq məhsullarının artımına təsir etməli idi. Bunu ona görə misal gətirdim ki, onlar belə rəqəmlərlə manipulyasiya edib, istədikləri göstəricini təqdim edirlər. Onlara bu statistikanı dəqiqləşdirmək sərf etmir. Dəqiqləşərsə, bu statistika ortaya ciddi nöqsanlar çıxaracaq" .
Qeyd edək ki, baş nazir Əli Əsədov 2025-ci ildə kənd təsərrüfatının siyahıya alınmasına hazırlıq və onun həyata keçirilməsi haqqında haqqında qərar imzalayıb. Qərara əsasən, siyahıyaalınma 2025-ci il iyulun 15-dən avqustun 15-nə qədər, kənd təsərrüfatı istehsalı ilə məşğul olan hüquqi şəxslər tərəfindən siyahıyaalma vərəqələrinin Dövlət Statistika Komitəsinin elektron informasiya sistemində real vaxt rejimində doldurulması yolu ilə, fərdi sahibkarlar, ailə, kəndli və ev təsərrüfatları üzrə isə siyahıyaalmaya cəlb ediləcək şəxslər (sayıcılar) tərəfindən planşet tipli kompüterlərdən istifadə olunmaqla sorğu yolu ilə baş tutacaq. Kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə 2024-cü il iyulun 15-dən avqustun 15-dək Ağsu rayonunda kənd təsərrüfatının sınaq siyahıya alınması keçiriləcək.
Kənd təsərrüfatının siyahıya alınmasına hazırlıq və onun keçirilməsi ilə əlaqədar İstiqamətləndirici Komitə yaradılıb. Komitəyə Baş nazirinin müavini Əli Əhmədov sədrlik edəcək. Onun müavini Dövlət Statistika Komitəsinin sədridir. Komitənin üzvləri isə kənd təsərrüfatı nazirinin müavini, iqtisadiyyat nazirinin müavini, ekologiya və təbii sərvətlər nazirinin müavini, elm və təhsil nazirinin müavini, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini, Qida Təhlükəsizliyi Agentliyinın sədrinin müavini, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru və Ağsu Rayon İcra Hakimiyyətinin başçısıdır.
Digər xəbərlər
loading...