Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi (MKTB) məhəllədaxili yollarda aparılacaq abadlıq işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Koneks Construction” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 340 832,76 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında "Koneks Construction” MMC-nin 27 noyabr 2019-cu ildə qeydiyyata alındığı göstərilir. Şirkətin nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, mənzil 29-da yerləşən MMC-nin qanuni təmsilçisi Osmanlı Vahid Cuma oğludur.
Açıq mənbələrdə Vahid Osmanlı barəsində hər hansı məlumat yoxdur.
"Konkes Construction” MMC-yə gəlincə, inşaat işləri görən şirkət həm də geyim satır. Bu faktı 2021-ci ildə şirkətlə Xətai rayon MKTB arasında bağlanan satınalma müqaviləsi də təsdiq edir. 80 minlik müqavilənin şərtlərindən məlum olur ki, MKTB şirkətdən yumşaq inventar və xüsusi geyimlər alıb. Beləliklə, aydın olur ki, MKTB-yə yumşaq invertar və xüsusi geyimlər satan şirkət həm də asfalt çəkirmiş.
Səbail rayon MKTB Səbail Rayon İcra Hakimiyyətinin nəzdindən fəaliyyət göstərir.