Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) nəzdində fəaliyyət göstərən Humanitar Kolleclə keçmiş işçiləri arasında məhkəmə çəkişməsi davam edir.
Qaynarinfo xəbər verir ki, kollecin keçmiş işçiləri Vəliyeva Aidə Zakir qızı, Nağıyev Ramil Əvəzağa oğlu, Babayeva Səidə Rasim qızı, Səməd Xəqani Səfər oğlu, Qədimli Aytəkin Yusif qızı və Əsgərova Arifə Nadir qızı apellyasiya mərhələsində bir nəticə əldə edə bilməyiblər. Bu baxımdan, Ali Məhkəməyə müraciət ediblər.
Onların kassasiya şikayətinə hakim Zaur Əliyevin sədrliyi ilə baxılacaq. Məhkəmə prosesinin vaxtı barədə məlumat yoxdur.
Kollecin keçmiş işçilərinin iddia tələbi işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlıdır. Birinci məhkəmə instansiyası onların iddiasını təmin etməyib. Müəllimlər apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Elnur Həsənovun sədrliyi ilə baxılıb və birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Müəllimlər ümid edir ki, Ali Məhkəmə yenidən baxılması üçün işi geri qaytaracaq.
Humanitar Kollecin direktoru Nərmin Qaralovadır. Nərmin Qaralova bir müddət əvvəl tələbə qızı təhqir etməsi ilə gündəmə gəlmişdi. Direktor onlayn imtahan zamanı işlətdiyi ifadəyə görə tələbələrdən üzr istəmiş və onunla bağlı inzibati tənbeh tədbiri görülmüşdü.