Bu gün ANS TV-nin bağlanmasından düz 6 ay keçir. Ölkənin ilk müstəqil telekanalı, 25 il Azərbaycan xalqına xidmət etmiş ANS-in açılması, təkrar izləyicilərin görüşünə gəlməsi mümkündürmü?
Bu suallarla ANS prezidentinin müşaviri, Əməkdar Jurnalist Mais Məmmədova müraciət edilib:
- Düzü, kanalın açılması ilə bağlı heç bir xəbər yoxdur, mənə zəng edirlər ANS-in nə zaman açılacağını soruşurlar, amma mənim bir konkret məlumatım yoxdur.
Mən bu gün qəzetdə oxuyuram ki, MTRŞ telekanalların və radioların lisenziyasını müddətsiz edib. Bu çox yaxşıdır. Amma bizim lisenziyanı isə ləğv edib. Axı biz nə etmişik? Mən bilirəm ki, biz həmişə Azərbaycan xalqına, bu ölkəyə, prezidentimizə bağlı olmuşuq. Biz həmişə öz Vətənimizə xidmət etmişik, cəbhələrdə olmuşuq.
Mən sizə bir şey deyim, bizim əsas ofisimiz indi bağlıdır. Orada dünyanın çox görkəmli ictimai xadimlərinin, dahi siyasət və mədəniyyət adamlarının şəkilləri və ANS haqqında fikirləri qorunmaqdadır. Eduard Şevarnadze, Bənazir Bhutto, Çingiz Aytmatov, Mstislav Rostropoviç, bizim çox hörmətli ümummilli lider Heydər Əliyev, prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva ANS barədə çox gözəl sözlər deyiblər.
Ola bilər ki, bizim müəyyən nöqsanımız olub. Amma yalnız işləməyən adamların nöqsanı olmur. Əgər nöqsanımız varsa, çağırın bizə məsləhət verin. Rəsmi məlumata görə, hələ istintaq gedir. 6 ay keçib, ortada heç bir nəticə yoxdur. Adətən bu kimi qərarı istintaq nəticəsində verirlər. Bizdə isə tərsinə olub, heç bir istintaqsız bizi bağlayıblar.
Mən inanıram ki, bizi gec-tez açacaqlar. 11 il qabaq da bizi bağlamışdılar. Onda cənab prezident İlham Əliyev bizə böyük dəstək verdi. Ümid edirəm indi də dəstək verəcək. Mənim 79 yaşım var. Cəbhəni də, Xocalını da görmüşəm, Qarabağı qarış-qarış gəzmişəm. 79 illik mübarizə mənim sağlamlığı əlimdən alıb. Mənim ən böyük arzum odur ki, ANS açılsın və heç olmazsa, bir həftə orada çalışım. Ondan sonra bu dünyadan rahat gedə bilərəm.
ANS-in açılmasını tək mən deyil, bütün Azərbaycan gözləyir!/istipress/
MilliYol.Az
Digər xəbərlər
loading...