Deputat Qənirə Paşayevanın vəfatından sonra Milli Məclisdə boş qalmış yerlərin sayı 9-a çatıb.
Buna qədər parlamentdə 8 boş yer var idi.
Belə ki, 2020-ci ilin fevralında keçirilən növbədənkənar parlament seçkiləri zamanı 4 dairənin nəticələri ləğv edilib. Nəticəsi ləğv edilmiş dairələr aşağıdakılardır:
33 saylı Xətai birinci seçki dairəsi (lider namizəd Hüseynbala Mirələmov)
35 saylı Xətai üçüncü seçki dairəsi (lider namizəd Rauf Arifoğlu)
74 saylı Lənkəran kənd seçki dairəsi (lider namizəd Hadı Rəcəbli)
80 saylı İmişli-Beyləqan seçki dairəsidir (lider namizəd Çingiz Qənizadə)
2020-ci ilin avqustunda isə 116 saylı Qəbələ seçki dairəsindən deputat mandatı qazanan Fəttah Heydərov dünyasını dəyişib.
2021-ci ildə isə 55 saylı Xaçmaz şəhər seçki dairəsinin deputatı Eldəniz Səlimov həbs olunub. O, həmin ilin iyulun 29-da Xaçmaz şəhərində yerləşən "Starıy Dvor” restoranında polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq edib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə keçmiş deputat 3 il 6 ay müdəttinə azadlıq məhrum edilib. Beləliklə, 55 saylı Xaçmaz şəhər seçki dairəsi də boş qalıb.
50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputatı Şahin Seyidzadə 3 mart 2022-ci ildə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib. Bu təyinatdan sonra Şahin Seyidzadə deputat mandatından imtina edib.
Cari ilin iyulun 14-də Madər Musayev 75 yaşında vəfat edib. Dünən isə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva vəfat edib.
Qeyd edək ki, Konstitusiyanın 82-ci maddəsinə görə Milli Məclis 125 deputatdan ibarət olmalıdır. Hazırda isə MM 116 deputatla təmsil olunur.