Özəlləşdirmə paylarının dövriyyəyə buraxılmasına 1996-cı il yanvarın 1-dən başlanıb və bu, iki mərhələdə həyata keçirilib. Ümumilikdə, vətəndaşlara 31,9 milyon özəlləşdirmə çeki paylanıb. Qanunvericiliyə uyğun olaraq 1997-ci il yanvarın 1-dək anadan olan Azərbaycanın hər bir vətəndaşına əvəzsiz olaraq 4 çekdən ibarət özəlləşdirmə payları verilib. Fərmana əsasən, özəlləşdiriləcək bütün dövlət əmlakının 65 faizi özəlləşdirmə çekləri vasitəsilə aparılmalıdır. Hər bir çekin dəyəri isə 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. 1997-ci ildə Əmlak Komitəsinin 222 nömrəli əmri ilə bir özəlləşdirmə payının qiyməti 2000 ABŞ dollarında hesablanıb.
2011-ci ildə çeklərin tədavül müddətinin başa çatdığının bəyan edilməsi yüzminlərlə ölkə vətəndaşını hüquqsuz duruma saldı. Bu gün dövriyyəyə buraxılmış çeklərin 20 faizi hələ də əllərdədir. Bunların əhəmiyyətli hissəsi şirkətlərdə, xüsusən də azsaylı firmalarda olsa da, əhalinin də sərəncamında müəyyən sayda çeklər qalır. Hətta çeklərin istifadə müddəti başa çatandan sonra da onların “qara bazar”da qeyri-leqal alış-satışı həyata keçirilib. Özəlləşdirmə çeklərinin hazırkı dəyəri isə heç kimi qane etmir. Milli Məclisin 2017-ci ildə keçirilən iclasında özəlləşdirmə çeklərinin yenidən tədavülə cəlb edilməsi təklif olunsa da, gözlənilən qərar hələ də qəbul edilməyib.
Özəlləşdirmə çekləri ilə bağlı geniş məlumatla aşağıdakı linkdən tanış ola bilərsiniz:
https://m.facebook.com/groups/668471343515846/posts/1577668382596133/
Çek sahiblərindən Mİlli Məclisin sədrinə vacib MÜRACİƏT
Konstitusiya Məhkəməsindən özəlləşdirmə çek sahiblərinə SON AÇIQLAMA
YAP-çı ziyalılardan prezidentə – MÜRACİƏT
Mövzu ilə Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu MilliYol.az-a açıqlamasında bildirib ki, mövcud vəziyyətdə əlində çeki qalan vətəndaşların hüquqlarının qorunması üçün yeni qərarın qəbul edilməsinə ehtiyac var:
“Özəlləşdirmə çekləri qanunvericiliyə uyğun olaraq vətəndaşlara verilibsə və ləğvi barədə rəsmi qanun qəbul edilməyibsə, bu halda sözügedən çeklər hələ də qüvvədədir. Özəlləşdirmə çeklərinin etibarsız hesab olunması ilə bağlı qanun mövcud deyil. Yəni özəlləşdirmə çekləri hələ də etibarlı sayılır. İnsanlar hökumətin konkret strukturlarının çağırışlarına inanıblar və buna uyğun hərəkət ediblər. Bu, maliyyə məkanındakı siyasət qədər önəmlidir. Çeklər vətəndaşların iqtisadi hüququnun ayrılmaz hissəsidir. Ona görə də özəlləşdirmə çekləri ilə bağlı məsələ iqtisadi bloku təmsil edən hökumət qurumları tərəfindən ümumi nəzarətə götürülməlidir. Əgər vauçerlər tədavülə buraxılmazsa, bu halda özəlləşdirmə çeklərinin qiymətləndirilməsi müqabilində vətəndaşlara kompensasiya ödənməlidir. Reallıq budur ki, özəlləşdirmə çekləri dövriyyədə olduğu vaxtlar vətəndaşların heç birinin hansısa bir özəlləşdirmədə iştirakı real baş tutmadı. Bu proses formal xarakter daşıdı. Əslində vətəndaşlara verilən özəlləşdirmə çeklərinin kağız parçasına döndərilməsi heç də doğru yanaşma olmadı və bu baxımdan zamanında buraxılan səhvin düzəldilməsinə ehtiyac var. Yaxşı olardı ki, hökumət dövlət əmlakının özəlləşdirilməsində çeklərin iştirakına şərait yaratsın. Ümidvaram ki, Konstitusiya Məhkəməsi vətəndaşların müraciətinə müsbət cavab verəcək”.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) vitse-prezidenti, Azərbaycan Turizm və Menecment Universitetinin professoru, İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlıya görə, özəlləşdirmə çeklərinin yenidən tədavülü fonunda qiymətləndirmə siyasətinin düzgün aparılması effektiv nəticələr verə bilər:
“Özəlləşdirmə çekləri 1996-2011-ci illər arasında leqal formada dövriyyədə oldu. Hökumət bu çeklər vasitəsilə xalqın rifahında müəyyən yaxşılaşma gedəcəyini düşünürdü. İlk başlardan çeklərin dəyəri yüksək idi. Hətta bəziləri fürsətdən istifadə edib, səhmlər alırdı. Xüsusən də məmurlar özəlləşdirmə çeklərini su qiymətinə əldə edərək özləri üçün biznes sahələri qurdular. İlkin nominal dəyəri 2 000 dollar həcmində qiymətləndirilən çeklər o vaxtı vətəndaşlar tərəfindən işbazlara ucuz qiymətə satıldı. Yəni sıravi vətəndaş müəyyən səbəblərdən dolayı həmin çekləri dəyərindən ən azı 13-14 dəfə ucuz qiymətə satmağa məcbur oldu. Bəzi vətəndaşlar da bu qiymətli kağızları saxlayaraq daha da dəyərlənəcəyini düşünürdülər. Lakin 2011-ci ildə vauçerlərin istifadəsi dayandırıldı. Halbuki özəlləşdirmə çekləri vətəndaşların müvafiq dövlət əmlakında xüsusi payını ifadə edir və vətəndaş bu qanuni payından məhrum edilə bilməz. Özəlləşdirmə çekləri əllərində qalan xeyli sayda vətəndaş var və bu məsələyə məntiqi yekun vurulmalıdır. Nəzərə almaq lazımdır ki, vauçerlərin yenidən tədavülü əlində çeki qalan vətəndaşlar üçün müsbət imkanlar yaradacaq”.
Qeyd edək ki, Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 13 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Artıq hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvləri, YAP-çı deputatlar, YAP-çı hüquqşünas və iqtisadçı alimlər bu hüquqi səhvlərin tezliklə aradan qaldırılacağını əminliklə söyləyirlər.
MilliYol.az