Hüseynbala Səlimov
ƏBƏDİ DÜŞMƏNLƏR OLMUR...
Bəlkə də bu da bir zəiflikdir və yaxud da qüsurdur. Amma nə etmək olar? Biz azərbaycanlılar kinli millət deyilik. Hətta Ermənistan cəmiyyətindən də Dağlıq Qarabağ problemi və Azərbaycan – Ermənistan münasibətlərilə bağlı pozitiv bir fikir gələndə bunu çox isti qarşılayırıq.
Prinsipcə, düz də edirik. Biz normal bir millətik və başa düşürük ki, dünyada əbədi düşmənlər olmur və hər bir dövlətin də milli təhlükəsizlik çabalarının, qayğılarının əsas məqsədi özünü dost ölkələrlə əhatə etməkdir.
Görəndə ki, Ermənistanda da gec də olsa, kimlərsə bunu anlayır və xalqını düz yola dəvət etməyə çalışır, bunu təbii ki, müsbət qarşılayırıq. Bu mənada sözsüz ki, eks-prezident L.Ter-Petrosyanın da çıxışları diqqətdən kənarda qala bilməz.
L.Ter-Petrosyan dünənin və yaxud da bugünün siyasətçisi deyil, o, ilk siyasi dalğanın - 80-ci illərin siyasət adamlarındandır. Həmin dövrün, ilk azadlıq və milli oyanışlar illərinin siyasət adamları çoxdan səhnədə deyil, çoxu dünyasını dəyişib. Qalanlar isə ya sakit qocalıq həyatını yaşayır, ya da memuarlarını yazmaqla məşğuldurlar.
L.Ter-Petrosyan isə hələ də siyasət meydanında aktual fiqurlardan biri kimi qalmaqdadır. Bu isə həm qibtə doğurur, həm də onun çıxışlarına və bəyanatlarına diqqəti bir az da artırır...
VAXTINDA KREMLİN ƏTƏYİNDƏN BƏRK-BƏRK YAPIŞMASAYDI...
Doğrusu, ona iradımız çoxdur. Qafqazdakı milli azadlıq hərəkatı liderlərindən ən çox hakimiyyətdə qalanı o, oldu. Və əgər vaxtında indiki kimi realist və praqmatik ola bilsəydi, həm ölkəsi, həm də bölgə üçün çox şey edə bilərdi.
Düzdür, vəziyyət çox mürəkkəb idi. Üç Qafqaz ölkəsindəki start vəziyyəti bir qədər fərqli idi. Məsələn, qonşu Gürcüstanda Z.Qamsaxurdia hakimiyyətə gələndə Azərbaycanı hələ Kremlin adamları idarə edirdilər və bölgədə siyasi sinxronluq haqqında danışmaq tez idi.
Üstəlik, Qamsaxurdia da çox qəliz adam idi. Mən bu günün özündə də düşünürəm ki, əgər bu adam Gürcüstanda hakimiyyətdə qalsaydı bəlkə də Azərbaycanın hətta bu ölkə ilə də müəyyən problemləri olacaqdı, çünki onun Gürcüstan milli azadlıq hərəkatındakı xidmətlərinə sayğımla bahəm bir məsələni yenə də qeyd etməyi vacib bilirəm ki, o adam daha çox şovinist təfəkkürlü siyasətçi idi...
Amma bölgədəki qeyri-müəyyənlik çox çəkmədi. 1992-ci ildən başlayaraq Azərbaycan da ciddi və ardıcıl müstəqillik kursu götürdü və ilk baxışda belə təəssürat yarana bilərdi ki, artıq siyasətləri uzlaşdırmağın məqamı çatıb. Amma kimə deyirsən?.. Təəssüf ki, Ermənistanın “milli azadlıq hərəkatı” lap əzəl gündən Dağlıq Qarabağın ilhaqı ideyası üzərində qurulmuşdu və bu gün bütün bunlar hamıya o qədər bəlli məsələlərdir ki, heç onların üstündə xüsusi dayanmağa da dəyməz...
Ona görə deyirəm ki, kaş, Ter-Petrosyanın indiki ağılı o vaxt olaydı! Amma onda o, belə etmirdi. Kremlin ətəyindən elə yapışmışdı ki, adam buna lap təəccüb qalırdı. Bəli, Azərbaycan əraziləri Ter-Petrosyanın vaxtında bircə-bircə işğal olundu. Kiçik fürsəti belə əldən vermirdilər və Bakıda azacıq qarışıqlıq olan kimi rayonları bir-bir ələ keçirir, əhalini qırır və yurdundan-yuvasından qovurdular. Bəli, biz belə L.Ter-Petroyanı da xatırlayırıq! Bu adamdan sonra daha Ermənistan torpaq işğal etməyibdir – işğal planı onun vaxtından tamam başa çatdırıldı...
Sonrakı dövrlərdə də uzun müddət ağılı başına gəlmədi, “Usandım!” demədi, Azərabaycanla kontaktlar axtarmağa cəhd etmədi. Düzdür, elə bir an yetişdi ki, o, nəhayət ki, bunun zəruri olduğunu başa düşməyə başladı. Amma Kreml də bunu anlayan kimi onu hakimiyyətdən aşırdı və Ter-Petrosyan artıq xalqına istefada olan prezident kimi müraciət etməli oldu...
MƏRKƏZİ ERMƏNİ ELİTASININ YEGANƏ TƏMSİLÇİSİ...
L.Ter-Petrosyanın başqa bir maraqlı cəhəti də vardır. O, faktiki olaraq əsl mərkəzi erməni elitasını təmsil təmsil edən yeganə prezident oldu. Sonrakıların hamısı “kriminal Qarabağ hərbi klanı”nın təmsilçiləridirlər...
Bir sözlə, L.Ter-Petrosyanın günahları çox böyükdür. Amma heç olmasa, sonradan səhvlərini başa düşübsə, bu, da böyük işdir.
Nə verdi onun rəhbərlik etdiyi dırnaqarası “milli azadlıq” hərəkatı Ermənistana? Bunu heç milli – azadlıq hərəkatı adlandırmaq olardımı? Ermənistan oyuncaq və marionet bir ölkədir. Bölgənin ən geridə qalan dövlətidir... Budur, reallıq! Bəlkə də Rusiyanın hər hansı bir əyaləti daha çox müstəqildir, nəinki Ermənistan...
Üstəlik, Ermənistanın, eləcə də L.Ter-Petrosyanın özünün illərlə apardığı siyasət bütövlükdə bölgəni inkişafdan qoydu, ona olmazın acılar yaşatdı.
MƏĞLUB CƏMİYYƏTLƏR...
Elə ona görə də mən bütün hallarda hesab edirəm ki, bu gün Azərbaycan cəmiyyəti də, elə Ermənistan cəmiyyəti də məğlub və yaxud sınmış cəmiyyətlərdir.
Bəli, azərbaycanlılar ermənilərdən daha toxdur, daha firavan yaşayırlar, həyatlarında bir azacıq müyyənlik var...
Amma onların da yalnız mədəsi toxdur, ürəkləri isə boş və sönükdür, çünki torpaqlarını azad edə bilməyiblər və azad dövlətin vətəndaşlarına çevrilə bilməyiblər...
Formal cəhətdən Ermənistan cəmiyyəti “qalib” kimi görünə bilər – ona görə ki, Azərbaycan torpaqlarını işğal edən kimi görünürlər... Amma bu, yalnız formal cəhətdən belədir, əslində bu “qələbə” də onlarınkı deyil, Kremlindir!..
Rəsmi Bakı bunu dilə gətirməyə qorxsa da, biz həmişə demişik və gələcəkdə də deyəcəyik: Azərbaycan torpaqlarının işğalının arxasında Rusiya dayanıb və indi də dayanır...
“Qalib erməni xalqı”nın azadlığı və suverenliyi isə, bir daha deyirəm ki, Rusiyanın heç bir əyalətinin də müstəqillyi qədər də deyildir. Gülməlisi budur ki, bunlar illərdir, Dağlıq Qarabağ üçün müstəqillik tələb edirlər!.. Bunlara deyən lazımdır ki, əzizlərim, əvvəlcə bir özünüz üçün müstəqiilk qazanın, sonra durub Qarabağ haqqında da nəsə düşünün!..
Əslində deyən çoxdur. Elə özlərinkilərdən də deyənlər var... Amma gəl, eşitmək istəmirlər, çünki illərlə uydurduqları yalanlardan qopa bilmirlər!
Mənbə: qaynarinfo.az
Digər xəbərlər
loading...