Azərbaycan Ermənistandan hərbi quruculuq fəaliyyətini dayandırmasını, revanşist planlardan əl çəkməsini, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozmağı dayandırmasını və Azərbaycanın Qarabağ bölgəsində separatizm və terrorizmi dəstəkləməkdən əl çəkməsini tələb edir.
MilliYol.az xəbər verir ki, bu barədə sentyabrın 18-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun və xarici işlər nazirinin muavini Fariz Rzayevin iştirakı ilə Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus üçün təşkil olunan brifinqdə bildirilib.
Bununla yanaşı, Azərbaycan Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin dərhal çıxarılmasını, Ermənistana tabe qondarma rejimin hərbi və qondarma “hökumət” strukturlarının aradan qaldırılmasını və Azərbaycan ərazilərində qanunsuz yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinin tərksilah edilməsini tələb edir. Bu halda, qondarma rejimin “nümayəndə”lərinə amnistiya tətbiq edilə bilər.