Bəzi insanlar düşünürlər ki, planetin indiki əhalisi - səkkiz milyard insan - əvvəllər yaşamış əhalinin cəmindən çoxdur. Lakin tədqiqatçılar hesablayıblar ki, bütün minilliklər ərzində Yer kürəsində cəmi 117 milyard insan doğulub.
MilliYol.az bu barədə İflecience-yə istinadla xəbər verir.
Bəşər tarixi boyu doğulanların və ölənlərin sayını müqayisə etmək çətin məsələ kimi görünür. Müasir sayma və qeyd üsulları ixtira edilənə qədər bizdə planetin əhalisinin sayı barədə dəqiq məlumat olmayıb, bu isə o deməkdir ki, elm adamları qiymətləndirmələrə və təxminlərə etibar etmək məcburiyyətində qalıblar.
Əhali Referans Bürosunun (PRB) mütəxəssisləri tarixin müxtəlif mərhələlərində doğulanların sayını hesablamaq üçün bir texnika işləyib hazırlayıblar.
Onlar doğum nisbətlərinin zamanla dəyişməsini nəzərə alaraq belə nəticəyə gəliblər ki, eramızdan əvvəl 190.000-ci ildən bu günə qədər təxminən 117 milyard doğum olub. Bu rəqəm səkkiz milyarddan bir qədər çox olan Yer kürəsinin hazırkı əhalisini əhəmiyyətli dərəcədə üstələyir.
Tədqiqatçılar qeyd edirlər ki, onların metodu doğulanların sayını az qiymətləndirmiş ola bilər və daha əvvəlki dövrlərdə əhali artımının davam etməsi bu rəqəmi daha da artırması mümkündür.
Bununla belə, mövcud məlumatlara əsaslanaraq, bəşər tarixində doğulanların sayının bu gün yaşayan insanların sayından xeyli çox olduğunu iddia etmək olar.