ABŞ klassik “parçala və hökm et” siyasətini Cənubi Qafqaza tətbiq etməyə cəhd edir, lakin çox uğursuz formada. Və mürəkkəb geosiyasi proseslər fonunda düşünməmək olmur: dünyanın super gücü olan, “taxtından” enməmək üçün hər şeyi məhv etməyə çalışan Birləşmiş Ştatların strateqləri Xankəndidəki bir ovuc separatçının ümidinəmi qalıb? Yaxud Ağ Evin qaranlıq dəhlizlərində doğrudanmı erməni maraqlarını müdafiə etməklə bölgədə nələrsə əldə edə biləcəklərini düşünürlər? Amerikalılar Fransanın düşdüyü gülünc vəziyyətdən dərs çıxarmadılarmı?
Vaşinqtonun dəyişən mövqeyi fonunda bu suallar ön plana çıxır və belə görünür ki, Ağ Evdə ya bölgədəki prosesləri doğru oxuya bilmirlər, ya “yanlış ata oynayırlar”, ya da bu yaxınlarda ABŞ rəhbərliyinə “Qarabağdakı erməniləri müdafiə etmələri” üçün müraciət edən Kim Kardaşyanın təsiri o qədər olub ki, erməni maraqlarını öz ölkələrinin maraqlarının önünə qoyublar. Ki, bu versiyaların hər birinin doğruluq payını eyni səviyyədə qiymətləndirmək mümkündür.
44 günlük müharibədən sonra Cənubi Qafqazda bütün kartların qarışdığını və yeni reallıqların yarandığını görmək üçün çox uzağa yox, üç il ərzində baş verənlərə baxmaq yetərlidir. Azərbaycanın öz gücü ilə yaratdığı bu reallıqda Bakının təqdim etdiyi gündəlik prioritetdir, həm də beynəlxalq hüquq da bunu tələb edir: Qarabağ Azərbaycan ərazisidir, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından imtina etməli və regionun gələcəyi sülh üzərindən müəyyən olunmalıdır;
Sözdə başqa, əməldə başqa cür davranan Ermənistan rəhbərliyinin Qarabağda erməni separatizmini körükləməklə bu reallığı dəyişdirmək cəhdləri baş tutmur. Laçın sərhəd-keçid məntəqəsinin yaradılmasından sonra isə situasiya tamamilə dəyişdi və artıq “yol xəritəsi” məlumdur:
- Qarabağda Azərbaycan qanunvericiliyinə tabe olmayan, suverenliyimizə təhdid yaradan və erməni əhalisini girovluqda saxlayan separatçı-terrorçu rejim ləğv edilməlidir;
- Bölgədəki bütün qanunsuz silahlı dəstələr tərki-silah olunmalı, erməni ordusunun hərbçiləri Azərbaycan ərazisindən çıxarılmalıdır;
- Erməni əhalisinin təminatı Ağdam-Xankəndi marşrutu vasitəsilə həyata keçirilməlidir: bu marşrut işlək vəziyyətə düşdükdən sonra Laçın yolundan daşınma məsələsinə baxmaq mümkündür, o da yalnız gömrük-sərhəd qaydalarına uyğun həyata keçirilə bilər;
- Erməni əhalisinin Azərbaycana reinteqrasiyasından başqa alternativ yoxdur;
Bu “yol xəritəsi”ni heç bir ölkə - qüvvə dəyişə bilməz. Təkcə ona görə yox ki, rəsmi Bakı bütün addımlarında beynəlxalq hüququ istinad nöqtəsi olaraq götürür, həm də Azərbaycanın bölgədəki gücü və rolu reallığı dəyişdirmək cəhdlərini praktiki olaraq mümkünsüz edir. İndiyə qədər buna iki ölkənin davamlı olaraq, cəhd etdiyini müşahidə edirik.
- Ermənistan: Paşinyan hakimiyyətinin cəhdləri nəticə verməyib, əksinə İrəvanın təxribatçı mövqeyi həm regionda təcrid vəziyyətini gücləndirir, həm də hərbi-iqtisadi müstəvidə ciddi itkilərlə nəticələnib;
- Fransa: Makron administrasiyasının erməni maraqları üzərindən apardığı regional siyasət bu ölkənin bölgədən təcrid olunması ilə nəticələndi, hətta BMT Təhlükəsizlik Şurasında qurduqları “teatr”dan tutmuş, sərhəddə “yardım şousu”na verdikləri dəstəyə qədər bütün addımları boşa çıxdı: əvəzində Fransa vasitəçilik missiyasından məhrum oldu, onu bundan məhrum edən də məhz Azərbaycandır;
Fransa bütün regional oyunçular və bölgədə maraqları olan beynəlxalq oyunçular üçün görkdür. Bundan nəticə çıxaranlar bölgədə iştirakçı olaraq qalır, çıxarmayanlar “ofsayda” düşür, Fransanın düşdüyü kimi...
Ağdam-Xankəndi yolu məsələsi bu prosesdə kuliminasiya nöqtəsinə çevrilib. Çünki artıq proseslər Qarabağdakı separatçı-terrorçu rejimin sonuna doğru yaxınlaşır və Azərbaycan öz vətəndaşları olaraq gördüyü erməni əhalisinin təminatının öz ərazisindən həyata keçirilməsi mövqeyində prinsipialdır. Avropa İttifaqı və Rusiya rəsmi Bakının haqlı mövqeyini dəstəkləyir, təbii ki, bu qüvvələrin bölgədə maraqları var, lakin reallıqları da anlayırlar. Hətta Qarabağda sülhməramlı kontingenti olan Rusiya belə başa düşür ki, Azərbaycanın ərazisində rəsmi Bakının gündəliyindən kənara çıxmaq hər şeydən öncə özünün “ofsayda” düşməsi ilə nəticələnə bilər. ABŞ haqda isə bunu demək çətindir, hərçənd, Ağdam-Xankəndi yolu ilə Laçın yolunun məhz Azərbaycanın şərtləri çərçivəsində paralel açılması məsələsi Vaşinqtonda da razılaşdırılmışdı. Razılaşmaya görə, sentyabrın 1-də yollar açılmalı, Ağdam-Xankəndi marşrutu işə düşməlidir. Bunun üçün ABŞ Azərbaycandan Laçın yolunun açılmasını istədiyi kimi, Ermənistanın prosesə müdaxiləsinin qarşısını almalı, Qarabağdakı erməni separatçılara təzyiq etməli idi.
Sonrakı prosesdə bunun əksi ortaya çıxdı. Azərbaycandan Ağdam yolu ilə bərabər Laçın yolunun açılmasını istəyən ABŞ dövlət katibi Entoni Blinken Ermənistandan heç nə tələb etmədi, halbuki, bütün proses Azərbaycan ərazisində baş verir və rəsmi İrəvanın bu prosesə müdaxiləsi nəinki beynəlxalq hüquqa ziddir, həmçinin, bölgədəki sabitliyi də təhdid edir. Lakin rəsmi Vaşinqtonun riyakarlığı bununla bitmədi. Qarabağdakı separatçılara heç bir təzyiq göstərilmədi, hətta sentyabrında 9-da Xankəndidə keçirilən qondarma “seçkilər”lə bağlı “üç meymunu” oynamağa başladılar. Beynəlxalq ictimaiyyət qondarma “seçkini” tanımadığını bəyan etsə də, Vaşinqton səssizliyə bürünmüşdü, yalnız Azərbaycanın təzyiqindən sonra Dövlət Departamentinin siravi təmsilçisi səviyyəsində şifahi olaraq tanımadıqlarını açıqladılar.
Bu, “ABŞ Qarabağdakı separatçı-terrorçuları leqallaşdırmağa çalışır” sualını ön plana çıxarırdı və Vaşinqtonun Azərbaycanın ərazi bütövlüyünə dəstək bəyanatları fonunda inandırıcı görünməyə bilərdi. Hərçənd, ABŞ-ın riyakarlığının ömrü 40 gün yox, cəmi bir neçə gün çəkdi. Konqresdə keçirilən son dinləmələr ABŞ-ın mövqeyini tamamilə dəyişdirdiyini, açıq şəkildə separatizmə dəstək verdiyi faktını ortaya çıxardı. Konqresmenlər Azərbaycanı ittiham edərək, Laçın yolunun birtərəfli qaydada açılmasını tələb etdilər. Onların erməni lobbisinin üzvləri olduğunu nəzərə alsaq, təəccüblü deyildi. Dövlət Departamentinin rəsmi mövqeyi isə sözün əsl mənasında Vaşinqtonun ikiüzlülüyünü ortaya qoydu.
Dövlət Departamentinin rəsmisi Yuri Kim bəyan etdi ki, Laçın yolu dərhal açılmalıdır və onlar “Dağlıq Qarabağ xalqını” qoruyacaqlar.
Birincisi, ABŞ Ağdam marşrutunu arxa plana keçirir və Laçın yolunun birtərəfli şəkildə açılmasını istəyir;
İkincisi, Azərbaycan ərazisində yaşayan erməni əhalisini “Dağlıq Qarabağ xalqı” adlandırır;
Və bu, Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq hörmətsizlik, Qarabağdakı separatçı-terrorçu rejimin istək-arzusunun ifadəsi, onların leqallaşdırılması cəhdi deməkdir. Bununla Vaşinqton riyakar siyasətini də gizlətmir.
ABŞ-ın mövqeyi niyə dəyişdi, beynəlxalq hüququ heçə saymaq bahasına olsa belə niyə erməni separatizmini dəstəkləyir?
Əslində ABŞ-ın siyasi keçmişində və geosiyasi müstəvidə həyata keçirdiyi siyasətdə beynəlxalq hüququ yalnız maraqlarına uyğun olduğunda yada saldıqları, lazım olanda isə unutmağı, arxa plana keçirməyi yaxşı bacardıqları sirr deyil. Lakin erməni separatizminə niyə dəstək verdikləri sualı cavab zərurətini yaradır və diqqəti bir neçə məqama yönəldir.
Birincisi, Ermənistan üzərindən Cənubi Qafqazdakı tarazlığı dəyişdirmək cəhdidir;
Anti-Rusiya kampaniyasını genişlədən Paşinyan hakimiyyəti ABŞ-a sığınmaq niyyətindədir və bunun üçün əlindən gələni edir də. ABŞ-Ermənistan hərbi təlimləri də bunun son nümunələrindəndir. Vaşinqtonda hesab edirlər ki, Rusiyanı Cənubi Qafqazda sıxışdırmaq üçün Ermənistan üzərindən bölgədə möhkəmlənə bilərlər. Konqresdə dinləmələr zamanı səslənən fikirlər də Vaşinqtonun niyyətini ortaya çıxardı.
İkincisi, ABŞ-da gələn il keçiriləcək prezident seçkiləridir;
Erməni icmasının bu ölkədə mövcudluğunun seçkidə nəticələrə təsir etdiyi məlumdur və istər Konqres, istərsə prezident seçkilərində siyasətçilər onların maraqlarına uyğun mövqelər səsləndirməklə daha çox səs almağa çalışırlar.
ABŞ-ın mövqeyinin dəyişməsində hər iki səbəbi əsas götürmək olar. Görünür, Ağ Evdə erməniləri həm Rusiyaya qarşı, həm də seçkidə istifadə etmək qərarı verilib. Hərçənd, bunun “yanlış ata oynamaq”dan başqa bir şey olmadığını görmək üçün Ağ Evdə “strateq” olmağa ehtiyac yoxdur.
a) Cənubi Qafqazda Ermənistan üzərindən həyata keçirdikləri siyasət birbaşa Azərbaycanla üz-üzə gəlmək deməkdir: bölgədəki reallığı rəsmi Bakının diktə etdiyini nəzərə alanda bu cəhdlərin nəticəyə təsir edə bilməyəcəyi aydın görünür;
b) ABŞ təkcə Ermənistanı yox, həm də Azərbaycan ərazisində erməni separatizmini dəstəkləyir və bu, Vaşinqtonun cəhdlərini beynəlxalq müstəvidə etibarsızlaşdıran amildir;
c) Seçki naminə erməni separatizminə dəstək vermək ABŞ-ın milli maraqlarına açıq şəkildə zərbə vurmaqdır;
ABŞ-ın bu addımlardan qazana biləcəyi yeganə şey Fransanın taleyini yaşamaq olacaq. Rəsmi Paris bu yolu keçib. Ermənistanı və erməni separatizmini dəstəkləyib, nəticədə siyasi baxımdan bölgədən qovulmuş vəziyyətə düşüb. Vaşinqton da eyni səhvləri təkrarladığı müddətdə bölgədən kənarda qalacaq. Azərbaycan suverenliyinə qarşı heç bir cəhdə imkan verməyəcək və erməni əhalisinin reinteqrasiyası siyasətinə davam edəcək. Şərtlər göstərir ki, Bakı separatizmin ləğv edilməsində də, erməni əhalisinin reinteqrasiyasında da nəticə əldə edə biləcək.
İtirən ABŞ olacaq, bir də onun hazırda dəstək verdiyi Ermənistan. Vaşinqtonun itkisi bölgədə Parisin taleyini yaşamaq olacaqsa, Ermənistanın itkisi daha ağır görünür. Çünki baş verənlər Ermənistanın Ukraynanın taleyi ilə üzləşəcəyini – müharibə poliqonuna çevriləcəyini deməyə əsas verir.
Asif Nərimanlı