Sentyabrın 14-də Bakıda Azərbaycan Baş Prokuroru ilə iranlı həmkarı Mohammad Kazem Movahedi-Azad arasında keçirilən görüşdə Fərid Səfərlinin məsələsi də diqqətdə saxlanılıb. Bu görüş azərbaycanlı gəncin buraxılmasını tezləşdirə bilərmi?
Yada salaq ki, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin fevralın 20-də İrana səfərə gedib və orada həbs edilib. Səfərliyə qarşı əvvəlcə “casusluq” ittihamı irəli sürülüb və sonra bu ittiham “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub. İran məhkəməsi Fərid Səfərlini iki il həbsə məhkum edib. Fərdi Səfərli ittihamı rədd edib və məhkəmənin ona hər hansı sübut olmadan həbs cəzası verdiyini bildirib. Səfərlinin Almaniyada yaşayan anası Dilarə Əsgərova oğlunun Tehrana tanışı olan qızla görüşmək məqsədi ilə getdiyini bildirib.
Fərid Səfərlinin anası Dilarə Əsgərova ilə əlaqə saxlayıb oğlunda xəbər aldıq. O, cavabında dedi ki, artıq Fəridin işi ilə bağlı apelyasiya şikayəti verilib: “Artıq təcridxanadan cəzaçəkmə müəssisəsinə köçürülüb, hər şey qaydasındadır”.
Ana onu da əlavə edib ki, srağagün oğlu ilə telefon bağlantısı qurub: “Fərid deyir ki, kitabxanaya yazılıb. Alman dilində çox sayda kitablar götürüb, orada oxuyur, deyir ki, burada vaxtı daha səmərəli keçir. Vəziyyəti də normaldır”.
Dilarə Əsgərova İranla Azərbaycan rəsmilərinin görüşü ilə bağlı fikirlərini də bölüşdü: “Mənə Azərbaycandan xəbər verdilər ki, belə bir görüş olub, Fəridlə bağlı müzakirə olub. Çox böyük ümidlər yarandı ki, Fəridin azad olunmasında görüşün böyük rolu olacaq. Çünki belə bir yüksək şəxslər arasında belə görüş olubsa, ən azı ümid edirəm ki, Fəridin azad olunmasında, yaxud ekstradisiya olunmasında faydası olacaq”.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə də mövzu ilə bağlı fikirlərini açıqladı: “Fərid Səfərli İranda sadəcə qanunsuz həbs edilərək girov kimi saxlanılıb. Azərbaycanın həm diplomatik xətlə, həm hüquq mühafizə orqanları, Baş Prokurorluq xətti ilə İranla apardığı danışıqlar nəticəsində Fəridə verilmiş ittiham yüngülləşdirildi. O azacıq biz cəza ilə cəzalandırıldı. Amma yenə də mən belə hesab edirəm ki, onu bizdə həbsdə olan İran vətəndaşları ilə dəyişdirilmək təklifi olacaq. Daha da pis ola bilərdi. Amma tam səmimiyyətimlə deyirəm ki, bizim hüquq-mühafizə orqanlarının öz vətəndaşının hüququna laqeyd qalmamasının təsiri nəticəsində İran yumşaldıcı ittihamla çıxış etdi.
İranın Baş Prokuroru ayın 14-də Azərbaycanda olarkən Mohammad Kazem Movahedinin Baş Prokuror Kamran Əliyevlə görüşü zamanı Fərid Səfərlinin məsələsi bir daha müzakirə predmeti oldu. Belə hesab edirəm ki, sonrakı addımda İranın baş prokuroru Azərbaycanın təkidlərini gördükdən sonra onun cəzasının daha da yüngülləşdirilməsi ilə bağlı növbəti məhkəmə mərhələsinə keçid edə bilər. Növbəti mərhələdə onun cəzası yatdığı cəza ilə əvəzlənərək Azərbaycana təhvil verilə bilər.
Bütün hallarda Fərid Səfərli Azərbaycana geri qaytarılacaq. Azərbaycan vətəndaşının hüquqları sona qədər Azərbaycanın Baş Prokurorluğu xətti ilə dövlət səviyyəsində nəzarətdə saxlanacaq. Ümid edirəm ki, tezliklə Fərid Səfərlini Azərbaycana təhvil verilməsinin şahidi olacağıq".
Mənbə: “Yeni Müsavat”