5 il qaydası prezidentin qərarından əvvəl təyin edilən rektorlara aid olmasa da, onların fəaliyyəti də ciddi müzakirələr yaradır, yaxın günlərdə yeni fərmanlar gözlənilir
2018-ci ildə Prezident İlham Əliyevin imzaladığı fərmanla Azərbaycanda dövlət ali təhsil müəssisəsində rektor 5 il müddətinə təyin edilir.
Fərmanın imzalanmasından 5 ilə yaxın müddət keçir. Ancaq fərmandan əvvəl təyin edilən bəzi rektorlar uzun illərdir bu vəzifələri tuturlar. 5 il qaydası prezidentin qərarından əvvəl təyin edilən rektorlara aid olmasa da, onların fəaliyyəti və vəzifə müddəti zaman-zaman müzakirələrə səbəb olur.
Modern.az rektorların vəzifədə qalma müddətləri ilə bağlı araşdırma aparıb. Hazırda Azərbaycanda 33 dövlət ali təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan 10-nun rektoru 2018-ci ildə imzalanan fərmandan sonra təyin edilib. Prezident sentyabrın 13-də Bakı Mühəndislik Akademiyasının və Sumqayıt Dövlət Univeritetinin rektorunu artıq vəzifədən çıxarıb. Sumqayıt Dövlət Universitetinin rektoru 2014-cü ildən, Havar Məmmədov isə 2016-cı ildən Bakı Mühəndislik Universitetinə rəhbərlik edirdi.
Digər “uzunömürlü” rektorlar bunlardır: Azərbaycan Tibb Universiteti - Tibb profilli ali təhsil müəssisəsinə 2016-cı ildən Gəray Gəraybəyli rəhbərlik edir. Azərbaycan Dövlət İqtisad Universiteti - 9 ildir ki, (2014-cü ildən) Ədalət Muradov rektordur. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası - 2015-ci ildən Fuad Hacıyev rəhbərlik edir. Gəncə Dövlət Universiteti - Yusif Yusibov 2014-cü ildən rəhbərlik edir. Azərbaycan Dillər Universiteti - 2017-ci ildən Kamal Abdulla rəhbərlik edir. ADA Universiteti - 2006-cı ildən Hafiz Paşayev rektorluq edir. Azərbaycan Memarlıq və İnşaat Universiteti - Gülçöhrə Məmmədova 1999-cu ildən rəhbərlik edir. Bakı Ali Neft Məktəbi - Elmar Qasımov 2012-ci ildən rektorluq edir.
Deputat Ceyhun Məmmədov sayta deyib ki, uzun müddət işləmiş rektorlar ya yenilənməsi, ya da əgər işini doğrultmursa, həmin şəxsin vəzifədən uzaqlaşdırılması ilə bağlı məsələlərə baxılmalıdır: “Bununla bağlı qərarlar qəbul edilməlidir. Əlbəttə, bir şəxs uzun müddət, yəni 20-30 il eyni vəzifədə işlədikdə, bu onun iş keyfiyyətinə ciddi şəkildə təsir göstərir. Düşünürəm ki, bunun təhsilimizə də mənfi təsiri var. Yəni bir şəxs uzun illər rektor kimi fəaliyyət göstərdikdə, bu həm də onda müəyyən bir arxayınlıq yaradır. Bəzi universitetlər inkişaf edir, bəzi universitetlər isə ciddi tənəzzül yaşayır. Bu, bilavasitə bizim rektorların fəaliyyətindən asılıdır”.
Qeyd edək ki, bu məsələ bir neçə dəfə Milli Məclisdə də müzakirəyə çıxarılıb. Bundan əvvəl deputat Etibar Əliyev Milli Məclisin iclasında bildirib ki, Azərbaycanda 20 ildən çox, hətta 32 ildir işləyən rektorlar var, onlar artıq durğunluq yaradırlar. Halbuki qanunvericiliklə rektorlar 5 ildən bir təyin olunmalıdır. Deputat qeyd edib ki, Elm və Təhsil Nazirliyi yalnız normativ sənədlərlə işləyir: “Təhsil ocaqlarında özbaşınalıq, korrupsiya halları hələ də qalır. Pedaqoji və Tibb Universiteti nəinki top siyahı, heç 1500 universitet içində belə yoxdur. Düşünə bilirsiniz ki, ölkədə müəllim və həkim yetişdirən təhsil ocaqlarının vəziyyəti necə acınacaqlıdır?!”
Təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a rektoru dəyişdirilməsi vacib olan bir neçə universitetin adını çəkib: “Ölkə Prezidenti İlham Əliyevin 2019-2023-cü illəri əhatə edən ”Ali Təhsilin beynəlxalq rəqabətliliyin artması" ilə bağlı Dövlət Proqramı var idi. Etiraf edək ki, ali təhsil müəssisələri bu istiqamətdə iş görmədilər. Birmənalı şəkildə son dörd il ərzində yalnız Bakı Dövlət Universiteti, İqtisad Universiteti, ADA universiteti, Neft və Sənaye Universiteti dünya reytinqində irəlidədir. Son dörd il ərzində BDU-nun beynəlxalq reytinqi əvvəlki on beş ildən dəfələrlə çox oldu. Digər universitetlərə baxırıq ki, dünya reytinqində inkişaf etmək imkanları var, amma edə bilmədilər. Misal üçün, bunlardan dəyişiklik gözlədiyimiz Memarlıq və İnşaat Universitetidir. Azərbaycanda işğaldan azad olunan torpaqlarda quruculuq bərpa işləri, yol tikintisi aparılır. Bakı şəhərindəki memarlıq abidələrini də görürük, amma bunların heç birində Memarlıq və İnşaat Universitetinin məzunlarını görə bilmirik. Eyni zamanda həmin universitetin məzunlarının göstəricilərini də görə bilmirik. Təsəvvür edin, hər il ali təhsil müəssisələrinə qəbul imtahanında ən aşağı ballarla biz tələbələrin Memarlıq və İnşaat Universitetinə qəbulunu görə bilirik. Tələbələrin təkcə ən aşağı balla qəbulunu yox, həmçinin məzun olma və əmək bazarında iş tapma imkanlarının bu universitetdə çox aşağı səviyyədə olduğunu görürük. Bu onu göstərir ki, universitetdə çox ciddi dəyişikliyə ehtiyac var.
Uzun illər idi ki, neqativ hallar Sumqayıt Dövlət Universitetində var idi, burada rektor dəyişildi. Bakı Mühəndislər Universitetinin rektoru ona görə dəyişməli idi ki, bu gün texniki və mühəndislik ixtisaslarına böyük ehtiyacımız var. Amma bu universitetlər proseslərdən geri qalırdılar. Region universitetlərinə baxın, misal üçün, Gəncə Dövlət Universiteti, regionda təhsilə nəzarət edə bilmir. Regiondakı gənclər Gürcüstana, Rusiyaya gedirlər, amma bizi seçmirlər".
Ekspert əlavə edib ki, dəyişiklik gözlənilən daha bir ali təhsil ocağı Azərbaycan Dövlət Pedaqoji Universitetidir: “Baxın, nazir açıqladı, 743 müəllim sertifikasiyadan keçə bilməyib. Yaxud da Pedaqoji Universitetin məzunlarının MİQ nəticələri nə qədər aşağıdır. Azərbaycan Dillər Universitetinin məzunlarının da əmək bazarında yeri yoxdur. Özəl universitetin, hətta kolleclərin məzunları daha yaxşı nəticə göstərir. Xarici dil müəllimliyi ixtisasına qəbulda baxırıq ki, məzunları çox geridirlər. Bu universitetlə bağlı yaxınlarda dəyişiklikləri gözləyirəm. Ölkədə 51 universitet var, heç biri dünya reytinqində öndə deyil. Sadəcə, üç universitet namizəddir, onların da nəticələri mindən yuxarı deyil. Bəs digərləri? Ona görə digər universitetlərdə də rektor dəyişikliyini gözləyirik”.
Millət vəkili Aqil Abbas da “Yeni Müsavat”a fikirlərini bildirib. O deyib ki, bəlkə o rektorlar o yerdə qalmağa layiqdirlər, ona görə çıxarılmırlar: “Mən kiminsə yerinə danışa bilmərəm. Amma kadrların tez-tez dəyişməsi də müsbət nəticə vermir. Onu da görmüşük. Bir pis iş odur ki, təzə rektor gələn kimi bundan əvvəl işləyən hamını işdən çıxarır. Yeni rektorların islahatı budur. Köhnə rektora kim salam verirsə, münasibəti yaxşı olubsa, hamısını işdən çıxarır. Ömər Eldarov neçə il Rəssamlıq Akademiyasında işlədi. Onun yerinə rektor qoydular, indi akademiyanı dağıdır. Belə məsələlər də var”.
Təhsil eksperti Adil Vəliyev də deyib ki, artıq bu məsələnin həlli tapmalıdır: “Universitetlərdə 10 ildən artıq rektor olanlar var. Diqqət edəndə görürük ki, həmin universitetlərdə inkişaf adında heç nə yoxdur. Düşünürəm ki, Prezidentin imzaladığı qərara əsasən 5 ildən bir artıq universitetlərdə rektorlar dəyişməlidir. Qərar əgər icra olunsa, universitetlərin inkişafı üçün çox müsbət addım olar. Bir insan bir vəzifədə uzun müddət qaldıqda orada inkişafdan söz gedə bilməz. Ən azı həmin rektorların yerləri dəyişə bilər, ya da yeniliyə, inkişafa açıq biri ilə əvəz olunmalıdır ki, həmin universitetlərdə inkişafı görə bilək. Çünki son illərdə görürük ki, Azərbaycan universitetləri dünya reytinq sıralamalarında heç bir uğur əldə edə bilmirlər. Nəticələrimiz də ürəkaçan deyil. Düşünürəm ki, Prezidentin fərmanı düzgün icra olunmalıdır ki, nəticəsini də görə bilək”.