Öncəliklə xatırladaq ki, özəlləşdirmə çekləri 1997-ci ildə dövlət qeydiyyatında olan bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Ulu Öndərin imzasını daşıyan “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 25 mart tarixli, 450 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında Əsasnaməsinin” (bundan sonra “Çeklər haqqında Əsasnamə” adlandırılacaq) 1.5-ci bəndi bütün özəlləşdirmə dövrlərində çeklərdən ödəniş vasitəsi kimi istifadə oluna biləcəyini tənzimləyərək çeklərin tədavül müddətinin də müəyyən bir müddət ilə məhdudlaşdırılmasına mane olmuşdur. Lakin buna baxmayaraq həm “I Dövlət Proqaramı”nın 3-cü bölməsinin 5-ci abzası (3 il müddətində), həm də Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın 1.5-ci bəndi dövlət özəlləşdirmə çeklərinin tədavül (dövriyyə, ödəniş vasitəsi kimi istifadə olunma) müddətini məhdudlaşdırıb(2011-ci ilin yanvar ayına qədər). Halbuki öz dövründə bütün dövlət əmlakının 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə aparılması nəzərdə tutulurdu. Qeyd edək ki, bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Əmlak Komitəsinin qərarı ilə bir özəlləşdirmə payının qiyməti 2000 ABŞ dolları həddində müəyyən edilib. Hamı bilməlidir ki, ulu öndər Heydər Əliyev tərəfindən verilən Miras Özəlləşdirmə Payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən Dövlət Qiymətli Kağızı olan Özəlləşdirmə Çekləri – QANUNLA verilib!
Dövlət özəlləşdirmə payı (çeki) sahibi olan bir qrup Qarabağ müharibəsi və əmək veteranı tərəfindən Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının rəhbəri Cənab Samir Nuriyevə MÜRACİƏT olunub.
Feso.az həmin müraciəti təqdim edir:
“Hörmətli Samir müəllim!
Bəzi fərmanlarla konstitusion hüquqları pozulan bir qrup müharibə veteranı və pensioner adından Sizə bildirmək istəyirik ki, əgər Cənab Prezidentə 23 may 2023-cü il tarixində göndərdiyimiz məktub kimi bu məktub da vaxtında Cənab Prezidentə çatdırılmasa, sizin sələfiniz Ramiz Mehdiyevin səhvləri və səhlənkarlığı üzündən Cənab Prezidentin adına, şərəf və ləyaqətinə ləkələr salmaq istəyən məmurlara dəstək vermək faktı kimi Sizə qarşı cinayət işi açacaqlar.
Hörmətli Samir müəllim!
Dövlətçiliyimizə və Cənab Prezidentin adına ləkə salan, preambulasında kostitusion əsaslandırma olmayan bəzi fərmanların tez bir zamanda Konstitusiya Məhkəməsi tərəfindən araşdırılması üçün Sizdən Cənab Prezidentə göndərdiyimiz məktubun vaxtında çatmasına Şəxsən nəzarət etməyinizi Xahiş edirik.
Məktubun surətini Sizə göndəririk:
Məlumat üçün qeyd edək ki, Dövlət özəlləşdirmə payı (çeki) sahibi olan bir qrup Qarabağ müharibəsi və əmək veteranı tərəfindən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə MÜRACİƏT olunub.
Sözügedən müraciəti təqdim edirik:
Çox hörmətli, Cənab Prezident! Zati Aliləri!
Cənab Ali Baş Komandanımız!
Biz bir qrup Qarabağ müharibəsi veteranı və əmək veteranları adından 23 may 2023-cü ildə Sizə göndərdiyimiz ərizə ilə özəlləşdirmə payları (çekləri) sahiblərinin konstitusion hüquqlarının müdafiə olunması üçün bizə kömək etməyinizi, bəzi normativ hüquqi aktların Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müvafiq sorğunun göndərilməsi barədə sərəncam verməyinizi Sizdən xahiş etdik.
Hesab edirik ki, həmin ərizə barədə Prezident Aparatının rəsmiləri Sizə məlumat vermədən, naməlum səbəblərdən Konstitusiya Məhkəməsinə deyil, Ali Məhkəməyə göndəriblər. Ali Məhkəmədən bizə cavab olaraq bu tip məsələlərin ancaq Konstitusiya Məhkəməsi tərəfindən araşdırılmasının vacibliyi yazılıb. Biz hüquqları pozulmuş yaşlı vətəndaşlar bundan çox böyük narahatlıq keçiririk.
Cənab Prezident!
Xahiş edirik ki, kapitalizmə keçid dövründə tarixi sosial ədalət naminə dövlət siyasəti kimi atanız Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikası tərəfindən qanunlarla dövlət öhdəliyi kimi xalqa vəd edilmiş, inflyasiyadan qorunan miras əmlak paylarını satmayan bizim kimi yaşlı insanların hər gün 30 nəfərinin vəfat etdiyini və hüquqlarının bəzi fərmanlar ilə pozulmağa davam etdiyini nəzərə alaraq, bizə müvafiq köməklik göstərəsiniz.
Biz dövlətimizə və Ulu Öndərimizə, onun vədinə inanaraq öz əmlak payımız olan Dövlət Qiymətli Kağızı kimi Özəlləşdirmə Çeklərini satmadıq və qeyd edək ki, PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin laqeydliyi və məsuliyyətsizliyi üzündən yaranmış bu hüquqi səhvlər olan həmin fərmanların heç birinin preambulasında konstitusion əsaslandırma mövcud deyil.
Hesab edirik ki, bu hüquq pozuntuları mütəşəkkil korrupsiya cinayəti faktı kimi gələcəkdə Sizə və Dövlətimizə qarşı düşmənçilik edənlər tərəfindən istifadə ediləcək, həm də xarici invesrorların ölkəmizə olan etimadını qıra bilər.
Belə ki, 2022-ci ildə bütün bu hüquq pozuntuları artıq üzə çıxarıldı. Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin apardıqları elimi-praktik araşdırmalar nəticəsində bu konstitusion hüquq pozuntuları müəyyən edildi və həmin nəticələr elmi məqalələr formasında Sizin nəzarətinizdə olan Ali Attestasiya Komissiyasında qeydiyyatda olan “Qanun” jurnalında 10-dan çox hüquqşünas alim tərəfindən rəy verilərək dərc olundu.
Möhtərəm Prezident!
Yuxarıda qeyd edilənləri, xüsusilə 2023-cü ilin xalqımızın Ümummilli Lideri Ulu Öndər “Heydər Əliyev İli” olduğunu nəzərə alaraq, Ali Məhkəmənin də yazdığı kimi bu problemin tez bir zamanda həlli üçün Sizdən xahiş edirik ki, dövlət özəlləşdirmə payları (çekləri) sahiblərinin konstitusion hüquqlarının müdafiə olunması üçün bizə kömək edəsiniz.
23 may 2023-cü ildə Sizə göndərdiyimiz normativ hüquqi aktların Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müvafiq sorğunun göndərilməsi barədə sərəncam verməyinizi xahiş edir və səbirsizliklə Sizdən cavab gözləyirik.