Azərbaycanlı jurnalist və diplomat, "Sovinformburo"nun keçmiş baş redaktoru, Nürnberq məhkəmələrində tərcüməçi olmuş Ənvər Məmmədov dünyasını dəyişib.
Qaynarinfo xəbər verir ki, bu barədə mərhumun yaxınları "RİA Novosti"yə bildiriblər.
Ənvər Məmmədov avqustun 15-də 100 illik yubileyini qeyd edib. Bu ərəfədə o, Aleksandr Nevski ordeni ilə təltif edilib.
Qeyd edək ki, Ənvər Nazimov Məmmədov 1923-cü il avqustun 15-də Bakıda anadan olub. II Dünya müharibəsində iştirak edib, lakin 1942-ci ildə yaralandığı üçün tərxis olunub.
Ənvər Məmmədov SSRİ Xarici İşlər Xalq Komissarlığında işləyib, Nürnberq məhkəmələrində tərcümə agentliyinin rəis müavini kimi iştirak edib. 1950-ci ilin fevralına kimi Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 1956-cı ilə qədər Radio Komitəsinin baş redaksiyasının baş redaktoru (xaricdə yayımlanan) vəzifəsində çalışıb.
1956-1959-cu illərdə Sovet İttifaqının Vaşinqtondakı səfirliyinin nazir müşaviri, SSRİ jurnalının baş redaktoru olub. 1959-1960-cı illərdə - "Sovinformburo"nun baş redaktoru, rəhbərinin birinci müavini, 1961-ci ildən APN sədrinin birinci müavini vəzifəsini tutub. 1962-1985-ci illərdə SSRİ Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin birinci müavini, 1986-1992-ci illərdə APN-də siyasi müşahidəçi olub, uzun müddət "RİA Novosti" xəbər agentliyinin baş redaktorunun müşaviri işləyib.
7 orden və 10 medalla təltif olunub, ingilis, alman, italyan və fransız dillərini bilirdi.