Azərbaycan millisinin qapıçısı Kamran Ağayev Portuqaliyada "Benfika" futbolçuları ilə dalaşıb.
MilliYol.Az xəbər verir ki, onun çıxış etdiyi Portuqaliyanın "Boavişta" komandası II dövrənin ilk oyununda Lissabonda lider "Benfika"nın qonağı olub.
Görüşdə "Boavişta" 3:0 öndə olsa da, qələbə qazana bilməyib və görüş 3:3 hesabı ilə başa çatıb. 90 dəqiqə meydanda olan Kamran 41-ci dəqiqədə Yunanıstan millisinin məşhur futbolçusu Konstantinos Mitroğlunun, daha sonra 53-cü dəqiqədə Jonasın penaltidən vurduğu qola mane ola bilməyib. Bu azmış kimi onun komanda yoldaşı Fabiu Eşpinyu da 67-ci dəqiqədə başla Kamrana qol vurub.
75-ci dəqiqədə vaxtı uzatdığı üçün sarı vərəqə alan Kamran oyun başa çatdıqdan sonra qalmaqalın əsas tərəflərindən biri olub. O, "Benfika"nın ehtiyatda olan futbolçuları ilə dalaşıb. Lakin onu 88-ci dəqiqədə meydana daxil olmuş digər Azərbaycan millisinin futbolçusu Emin Mahmudov və komanda yoldaşları ayırıb.
Ehtimal edilir ki, "Benfika"nın ehtiyatda qalan futbolçularından biri ona ana söyüşü söyüb. Çünki Kamranı yalnız komandanın məşqçilər heyəti və stadionun mühafizəçiləri sakitləşdirə bilib. Kamran Ağayev stadionu tərk edərkən "Benfika" azarkeşlərinin uğultusu ilə də üzləşib.
Qeyd edək ki, bu nəticədən sonra "Boavişta" 21 xalla XI pillədə qərarlaşıb.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...