Xəbər verildiyi kimi dünən Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonlarının icra hakimiyyəti başçıları, paytaxt qəsəbələrinin icra nümayəndələri və şəhərin təsərrüfat xidmətlərinin rəhbərlərinin iştirakı ilə Bakıətrafı qəsəbələrində sanitar-təmizlik, qanunsuz tikintilər, küçə və yol kənarlarındakı obyektlərin qarşısında abadlıq məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib.
Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bakıətrafı qəsəbələrdə təmizliklə bağlı bir sıra problemlərin mövcudluğunu və qarşıda duran başlıca məqsədin qəsəbələrdə bu məsələlərinin şəhərin mərkəz hissəsi səviyyəsinə çatdırılması olduğunu bildirib.
Ciddi tələbkarlıq və prinsipiallıq şəraitində keçən müşavirədə müzakirələr zamanı bir sıra qəsəbələrin nümayəndələrinə, eləcə də RİH-nin rəhbərlərinə ciddi iradlar tutulub və mövcud nöqsanların aradan qaldırılması ilə bağlı əməli tədbirlər planının hazırlanması tapşırılıb. Müzakirələrin nəticəsi olaraq Qaradağ RİH başçısının müavini Nadir Muradov və Binəqədi RİH başçısının müavini Hacıbala Babayevə xəbərdarlıq elan edilib.
Qaradağ RİHB-nın Müşviqabad qəsəbəsi üzrə nümayəndəsi Coşqun Bayramovun, Qızıldaş qəsəbəsi üzrə nümayəndəsi Hüseyn Axundovun, Binəqədi RİHB M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəsi Zaur Qafarovun, Xəzər RİHB Şüvəlan qəsəbəsi üzrə nümayəndəsi Mirzərauf Axundovun tutduqları vəzifəyə uyğunluğu məsələsinə baxılması həmin rayonların RİH başçılarına tapşırılıb.
APA-nın əldə etdiyi məlumata görə, müşavirədən dərhal sonra Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun müvafiq sərəncamı ilə Qızıldaş qəsəbəsi üzrə nümayəndəsi Hüseyn Axundov vəzifəsindən azad edilib.