Sumqayıt Şəhər Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Ziyad Əliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ramiz Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmdə qeyd olunub ki, Ziyad Əliyev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilib və məhkəmə iclas zalından dərhal həbs edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
İttihama görə, Sumqayıt şəhər 12 saylı Mənzil Kommunal sahəsinin rəisi vəzifəsində işləmiş Ziyad Əliyev Cinayət Məcəlləsinin 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirli bilinib. Cinayət materiallarında qeyd olunub ki, Ziyad Əliyev vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə hüquqi şəxsin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə edib, vəzifəli şəxs kimi rəsmi sənədə bilə-bilə yalan məlumatları sair şəxsi niyyəti ilə daxil etməklə vəzifə saxtakarlığı törədib.