Gəncə Şəhər İcra Hakimiyyəti Gəncə şəhərinin küçə və prospektlərində əsaslı təmir işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Ərdagı” MMC seçilib. Tərəflər arasında bağlanacaq müqavilənin maliyyə dəyəri 1 845 694,53 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Ərdagı” MMC 10 dekabr 1992-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10.60 AZN olan şirkətin hüquqi ünvanı Gəncə şəhəri "Asfalt Zavodu”nda yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Nazim Fuad oğludur.
"Ərdagı” MMC 2019-cu ilə qədər "Ərdagı” İstehsal Kommersiya Şirkəti adı altında fəaliyyət göstərib. Açıq mənbələrdə bu şirkət haqqında heç bir məlumat olmasa da, tender kralı kimi məşhurdur.
"Ərdagı” MMC əsasən Gəncəbasar bölgəsində yerləşən rayonların yerli qurumlarının keçirdiyi tenderlərin qalibi olur. Təkcə 2023-cü ildə şirkət Gəncə, Qazax, Goranboy, Laçın və Masallı rayon icra hakimiyyətləri və onlara tabeli qurumlardan 4 693 768,12 manatlıq sifariş alıb.
Gəncə Şəhər İcra Hakimiyyəti 2021-ci ildə də küçə və prospektlərin abadlaşdırılması üçün "Ərdagı” MMC ilə 1.231.227,17 AZN dəyərində satınalma müqaviləsi imzalayıb.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovdur. O, 2018-ci ildən bu vəzifəni daşıyır.