Şəki Ağır Cinayətlər Məhkəməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyin Meşələrin İnkişafı Xidmətinin Qəbələ Regional direktoru vəzifəsində işləmiş Nahid Məmmədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nahid Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Nahid Məmmədov həmin vəzifədə çalışdığı müddətdə meşə fonduna 68 403,89 manat məbləğində ziyan vurub. Həmçinin o, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin Qəbələ Mərkəzini əhali arasında nüfuzdan salıb, vətəndaşların qarşısında etimadsızlığına, eləcə də meşələrin qorunması, meşə fondundan səmərəli istifadə, meşələrin məhv olmaqdan, zədələnməkdən, çirklənmədən və digər mənfi təsirlərdən mühafizəsi məqsədilə həyata keçirilən normal fəaliyyətinin pozulmasında ifadə olunan dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə edib. Bundan başqa, Nahid Məmmədov həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını həyata keçirən vəzifəli şəxs kimi vətəndaşdan 1 500 manat rüşvət alıb.