Banka əmanət qoymağın cinayət olduğunu deyən dövlət qurumu əməkdaşları iş adamını təhdid edərək yüz minlərlə dollar pulunu alıblar.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu hadisə də ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində baş verib. “Eldar Mahmudov-Mövlam Şıxəliyev-Vüsal Ələkbərov” qruplaşmasının növbəti qurbanı biznesmen Namil Rzayev olub.
N.Rzayev istintaqa ifadəsində deyib ki, 2007-ci ildə “Texnikabank” ASC-nin “Bakı” filialına əmanət kimi qoyduğu 428 min 400 manat pula görə 2008-ci ilin oktyabr ayında MTN-ə çağırılıb. Orada onu İstintaq Baş İdarəsinin rəisi Vüsal Ələkbərov qəbul edib və rəhbərliyin göstərişi ilə onu həbs etməli olduğunu deyib:
“Səbəb kimi isə “Texnikabank”a əmanət qoymağımı göstərdi. Bunun cinayət sayılmadığını dedim, o isə “sən ya biz deyəni etməlisən, ya da biz səni həbs etməliyik”, - dedi. Sonra məni Mövlam Şıxəliyevlə görüşdürdü, o isə bu məsələ ilə bağlı nazir Eldar Mahmudovla danışdığını və “siyahıda sənin də adın var, sən Zal Yusifovla əlbir olmusan, yüksək faizlər almısan. Eldar Mahmudovun göstərişi var, o, deyib ki, mən Namil Rzayevi yaxşı tanıyıram, 1 milyon dollar gətirsin, yoxsa onu da həbs etməliyik”, - dedi”.
MTN vəzifəliləri iş adamını buraxaraq pulu toplaması barədə göstəriş veriblər və bir neçə gün sonra tələb olunan məbləğə endirim etdiklərini açıqlayıblar:
“Vüsal zəng edib dedi ki, “rəhbərlik sənin xahişini nəzərə alınıb 700 min dollara razılaşıb”, mən isə o qədər pulumun olmadığını dedim. Amma bilirdim ki, tanışlarım Hüseyn Səfərov və Nizami Kazımovu eyni ittihamla həbs ediblər. 200 min dollar toplayıb Mövlam Şıxəliyevlə görüşdüm. Onun yaşadığı küçədə görüşüb pulu ona verdim, o da mənə kömək edəcəyini dedi”.
M.Şıxəliyevin köməyi isə növbəti dəfə təhdidlə tələb olunan pulun miqdarını bir az azaltmaq olub. Təxminən 10-15 gün sonra V.Ələkbərov N.Rzayevə zəng edərək əlavə 300 min dollar verməsə, həbs ediləcəyini təkrar deyib və maraqlı bir tapşırıq da verib:
“Vüsal mənə dedi ki, “Xəqani küçəsində “Tahir” marketi keçəndən sonra dəftərxana var, oradan 250 manata qara rəngli çanta al, pulu həmin çantaya qoy və üstünə də göyərti al, qoy və MTN-ə gətir”. Mən başqa heç yerdən pul tapa bilmədiyim üçün Neftçilər prospektində yerləşən evimi “Gilan” MMC-nin direktoru Cəmil Muradova dəyər-dəyməzə, 320 min manata satdım. Tələb olunan pulu düzəldib, Vüsalın dediyi çantanı alıb üstünə göyərti töküb aparıb MTN binasının arxasında ona verdim”.
MilliYol.Az
Digər xəbərlər
loading...