“Bütün dünyada koronavirus pandemiyasının tamamilə aradan qalxdığı, heç bir təhlükənin olmayacağı haqqında ətraflı məlumat yoxdur. Ona görə biz də həmişə hazır olmalıyıq”.
Bu fikirləri Oxu.Az-a COVID-19 virusunun EG.5 adlı yeni ştammının dünyada sürətlə yayılmasından danışarkən Milli Məclisin Səhiyyə komitəsinin üzvü İlham Məmmədov deyib. O qeyd edib ki, koronavirus təhlükəsi hələlik qalmaqdadır və önləyici tədbirlərin görülməsində fayda var:
“COVID-19 pandemiyasının uzun müddət davam etməsi bizə öyrətdi ki, gigiyenik qaydalara yüksək səviyyədə əməl etməliyik. Təmizlik, virusdan qorunmaq, sosial məsafə, immunitetin artırılması, pis vərdişlərdən xilas olmaq virusla mübarizənin ən effektiv yollarıdır.
Bütün dünyada “qızıl standart” var - sosial məsafə saxlamaq, maska taxmaq. Kütlənin içinə girib, vacib olmadığı halda uzun müddət orada qalmaq, insanların çox olduğu yerlərdə heç bir məsafə gözləmədən xeyli vaxt keçirmək kimi vərdişlərdən çəkinmək mümkündür. Məsafə dedikdə hazırkı şəraitdə bunu nəzərdə tuturam.
2023-cü ilin mayında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyasının başa çatdığını elan etmişdi. Amma görünür, virus mutasiyaya uğrayır, yeni ştamları yayılır. Ona görə insanlar peyvəndlərə də ciddi yanaşmalı, bunu nəzərdən qaçırmamalıdırlar. Yaxşı olar ki, buster doza peyvənd hər kəsdə olsun.
Azərbaycanda COVID pandemiyasından 830 mindən artıq insan əziyyət çəkib. 10 mindən artıq vətəndaşımız bu virusdan vəfat edib. Bundan sonra da virusa qarşı diqqətli olmaq lazımdır”.
Qeyd edək ki, bu yaxınlarda koronavirusun EG.5 adlı yeni ştammı müəyyən edilib və bütün dünyada yoluxmaların sayı durmadan artır. EG.5 variant infeksiyalarında artım, əsasən, ABŞ, Avropa və Qərbi Sakit okean regionunda müşahidə olunur. ÜST nümayəndələri bu tendensiyanın davam edəcəyini və dominant ştammın payızda zirvəyə çatacağını proqnozlaşdırırlar.