İranda həbsdə olan Azərbaycan vətəndaşı Fərid Səfərliyə anası vəkil tutub.
Bu barədə Trend-ə açıqlamasında onun anası Dilarə Əsgərova məlumat verib.
Onun sözlərinə görə, vəkil İranda yaşayan azərbaycanlıdır.
"Artıq vəkil işlə tanış olub, Fəridlə və hakimlə görüşüb. Vəkil qeyd edib ki, onun həbsinə dair heç bir sübut yoxdur".
D. Əsgərova bildirib ki, oğluyla dünən telefonla danışıb.
"Fərid bildirib ki, səhhətində problemlər yaranıb və kor bağırsağından əməliyyat olunub. Hazırda vəziyyəti yaxşıdır. Ancaq ümumi olanlardan çox narahatdır. Yaxın günlərdə son məhkəmə olmadan qərar çıxmalıdır. Hakim vəkilə deyib ki, son məhkəmə olmadan qərar verəcəm. Vəkilin deməsinə görə, İranın qanunlarında Fərid axrıncı məhkəmədə iştirak etmədən, son söz söyləmədən hakim onun barəsində hökm çıxara bilər. Hakim özünün rəyinə əsasən Fəridin casusluq niyyətiylə İrana gəlib, ancaq həyata keçirə bilməyib. Lakin ortada heç bir sübut yoxdur. Məhkəmədə də oğlum hakimə sual verib "nə olub ki, həyata keçirdə bilməmişəm?" deyə, hakim isə heç bir cavab verə bilməyib. Deyib ki, bu mənim rəyimdir", - deyə anası əlavə edib.
Xatırladaq ki, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli bu il fevralın 20-də İrana səfər edib. Martın 4-dən bəri isə ondan xəbər almaq mümkün olmayıb. Sonradan məlum olub ki, Fərid Səfərli İranda həbs olunub.
19 iyul tarixində keçirilmiş məhkəmə iclası zamanı Fərid Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub.