Covid 19 xəstəliyin keçirənlərin təxminən 10%- ində post-Covid və ya “xronik” Covid sindromu görünür...
Son zamanlar vətəndaşları, xüsusilə də, özü və ya yaxınları “covid 19”-a yoluxmuş şəxsləri ən çox narahat edən məsələlərdən biri də xəstəliyin uzun müddət öncə keçirmələrinə baxmayaraq, əvvəlki sağlamlıqlarına qovuşa bilməmələridir.
Bu məsələ tibbi ədəbiyyatlarda da artıq öz yerini alıb. Ümumdünya Səhiyyə Təşkilatı “post-Covid” sindromu adlanan bu vəziyyət haqqında öz saytında belə yazıb:
“COVID-19-dan sonrakı vəziyyətlə əlaqəli ən çox görülən simptomlara yorğunluq, nəfəs darlığı və koqnitiv disfunksiya (məsələn, çaşqınlıq, unutqanlıq və ya diqqətsizlik) daxildir. COVID-19-dan sonrakı bu vəziyyət insanın iş və ya ev işləri kimi gündəlik işləri yerinə yetirmə qabiliyyətinə təsir göstərə bilər”.
Covid 19 xəstəliyin keçirənlərin təxminən 10%- ində post-Covid və ya “xronik” Covid sindromu görünür. Bu sindromu keçirənlərdə yuxarıdakılardan əlavə öskürək, oynaq ağrıları, mədə ağrısı, iştahsızlıq,qoxu və dad hiss etməmə, ən əsası isə yuxusuzluq və depressiya/panik atak kimi psixi-emosinal dəyişikliklərə də çox tez-tez rast gəlinir. Xüsusilə, Covid-ə yoluxmanın pik həddə olduğu 2021 -ci ildə sinir xəstəliklərindən də ölüm halları öncəki illərə nisbətdə 4 dəfədən çox artmışdır.
2021-ci il üzrə Azərbaycanda 2 min 504 nəfər məhz sinir sistemi xəstəliklərindən dünyasını dəyişib. 2020-ci ildə eyni səbəbdən ölənlərin sayı 740 nəfər, 2019-cu ildə isə 848 nəfər olmuşdu.
Yuxusuzluq, yaddaşsızlıq, arterial təzyiqin qalxması, kəskin baş gicəllənmələri, dayanılmaz baş ağrıları isə bir çox insana covid 19-dan qalan fəsadlar olaraq hələ də davam edir. ÜST-ün yazdığına görə bu simptomların hələ insanlarda nə qədər davam edəcəyini proqnozlaşdırmaq mümkün deyil.
Britaniyanın Milli Səhiyyə Təşkilatı (NHS) isə post Covid-dən əziyyət çəkənlərə ağciyər rentgeni etdirməyi və kardioloji müayinədən keçməyi və əgər şəxsin sağlamlığı mümkün edirsə, aerobika, idman və ya gəzmək kimi məşq proqramı tövsiyə edilir.
Ziya MEHTİ
Covid 19-un müalicəsi üzrə həkim-mütəxəssis