ABŞ-ın dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevlə telefon danışığında “Laçın yolundan tranzitin açılmasına ehtiyac olduğunu və humanitar yükləri Qarabağdakı əhaliyə çatdırmaq üçün alternativ marşrutlar üzrə razılaşmaların zəruriliyini” vurğulayıb.
Vaşinqton Laçın postunun açılmasını istəyir, amma həm də humanitar yüklərin daşınması üzrə alternativ marşrutları da dəstəkləyir.
Rəsmi Bakı erməni əhalisinin keçidi və BQXK-nın xəstələrin daşınması üçün Laçın postunu açıq saxlayır. Bu, Vaşinqtonun Laçın postu ilə bağlı istəyinə uyğundur, yaxud ABŞ-ın belə bir istəyinə qarşı yolun açıq olduğunu təqdim edir. Eyni zamanda, yüklərin daşınması üçün alternativ marşrut olaraq Ağdam yolunu təklif edir. Bu kontekstdə Blinkenin açıqlamasını ABŞ-ın Ağdam-Xankəndi marşrutunu dəstəkləməsi kimi qəbul edə bilərik.
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də Ağdam marşrutunu dəstəkləmişdi. Lakin Ermənistanın sərhəddə “humanitar şousu”ndan sonra Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrel İrəvanın mövqeyini müdafiə edən məntiqsiz açıqlama verdi. Bu, rəsmi Brüsselin mövqeyində dəyişiklik kimi görünsə də, həlledici və əsas deyil, istisna deyil ki, Borrel həm də balans yaratmaq məqsədilə bu mövqeyi sərgilədi. Aİ rəhbəri Şarl Mişelin mövqeyi isə dəyişməyib və Ağdam marşrutuna Brüsselin dəstəyindən sonra ABŞ-dan da dəstək gəlməsi rəsmi Bakının əlinin güclənməsi baxımından əhəmiyyətlidir. Bu həm də ümumilikdə Qərb cəbhəsinin mövqeyinə təsir edə biləcək amildir.
Buna paralel olaraq, Rusiyanın da mövqeyi təhlükəli deyil. Ermənistanın sərhəddəki şousuna Moskva ciddi reaksiya verməyib, həmçinin, xarici işlər nazirlərinin üçtərəfli görüşündən sonra Lavrovun reinteqrasiyanın dəstəklənməsinə yaxın mövqe sərgiləməsi diqqətdən yayınmadı.
Beləliklə, danışıqların aparıldığı hər üç platformada – ABŞ, Aİ və Rusiya – Xankəndiyə ərzağın Ağdam yolundan daşınması qəbul edilir.
Asif Nərimanlı