Bu gün Rəsul Tağıyev Dövlət Sərhəd Xidmətinin rəis müavini təyin olunub.
Rəsul Afiq oğlu Tağıyev 18 avqust 1976-cı ildə anadan olub.
Rəsul Tağıyev 2004-cü ildə “Hərbi xidmətlərə görə”, 2005-ci ildə “Vətənə xidmətə görə”, 2010-cu ildə “İgidliyə görə”, 2012-ci ildə “Azərbaycan Bayrağı”, 2013-cü ildə II dərəcəli “Vətənə xidmətə görə”, 2016-cı ildə I dərəcəli “Vətənə xidmətə görə”, 2019-cu ildə III dərəcəli “Rəşadət”, 2020-ci ildə “Zəfər” orden və medalları ilə təltif edilib.
2018-ci ildə general-mayor, 2022-ci ildə general-leytenant ali hərbi rütbəsi verilib.
Vətən müharibəsi başlayan zaman Rəsul Tağıyev Dövlət Sərhəd Xidmətində Döyüş Hazırlığı üzrə Baş İdarənin rəisi olub. O, Cəbrayıl və Zəngilanın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərə komandanlıq edənlərdən biri, habelə cənub cəbhəsinin ən hündür 2 zirvəsi - Bartaz və Şükürataz yüksəkliklərinin işğaldan azad edilməsi üzrə hərbi əməliyyatların rəhbəri olub, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” medallarını alıb.
O, Bakının Azadlıq meydanında keçirilən hərbi paradlardan 2-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularından ibarət parad heyətinə rəhbərlik edib - biri 2018-ci il iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibətilə keçirilən paradda polkovnik hərbi rütbəsində, digəri isə 2020-ci il dekabrın 10-da Vətən müharibəsində əldə edilən zəfər münasibətilə keçirilən hərbi paradda general-mayor ali hərbi rütbəsində.
17 iyul 2021-ci ildə Rəsul Tağıyev Dövlət Sərhəd Xidməti Döyüş Hazırlığı üzrə Baş İdarənin rəisi vəzifəsindən azad edilərək Dövlət Sərhəd Xidməti Çevik Hərəkət Qüvvələrinin komandanı vəzifəsinə təyin edilib.