"Hazırda Azərbaycanda maşın bazarında vəziyyət qeyri-dinamikdir. Bazarda alqı-satqı əməliyyatlarının sayı kəskin şəkildə azalıb".
Bunu Trend-ə Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.
R.Osmanlı bildirib ki, əsas səbəblərdən biri bu sahədə fəaliyyət göstərən kiçik və orta sahibkarların problemləri ilə bağlıdır:
"Faktiki olaraq onlar bazara çıxarmağa maşın tapmırlar. Əvvəllər Gürcüstan vasitəsilə Azərbaycana avtomobil idxalı böyük idi, amma indi avrostandartların tətbiqi, banklar tərəfindən kreditlərin verilməməsi və digər səbəblərdən Gürcüstandan avtomobil idxalı xeyli azalıb. İdxal azaldıqca, təklif də azalır. Bu da təbii ki, daha ucuz avtomobillərə tələbatı artırır və qiymət artımına səbəb olur".
R.Osmanlının sözlərinə görə, Azərbaycana idxal edilən yeni avtomobillərin qiymətində dollar-manat münasibətlərindən irəli gələn artım baş verir: "Bu təbii ki, təkrar avtomobil bazarına da təsir göstərir və köhnə avtomobillərin qiyməti artır".
Mərkəz direktoru qeyd edib ki, 2016-cı il ərzində yeni avtomobillərin qiymətində təqribən 15 faizə qədər artım baş verib: "Köhnə avtomobillərin qiymətində artım isə avtomobilin dəyərindən asılı olaraq təqribən 10-15 faiz arası dəyişir".
Ekspert bildirib ki, bu il ərzində də avtomobillərin qiymətində artımın müşahidə ediləcəyi ehtimalı var: "Bu gün hələ də dolların qiymətində artım müşahidə edilir. Bu baxımdan idxal olunan yeni avtomobillərin qiyməti artacaq. Yeni avtomobillərin qiymətində müşahidə olunan artım köhnə avtomobillərin də qiymətinə təsir göstərəcək".
MilliYol.Az
Digər xəbərlər
loading...