“Siyasi partiyalar haqqında” Qanun qüvvəyə mindiyi tarixdən 31 partiya öz təşəbbüsü ilə ləğv olunmaları barədə bəyanat verib.
MilliYol.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
Bildirilib ki, daha 27 siyasi partiya isə üzvlərinin adı, soyadı, atasının adı, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı və əlaqə telefon nömrəsini əks etdirən reyestrini Ədliyyə Nazirliyinə təqdim edib.
Həmçinin qeyd edilib ki, “Siyasi partiyalar haqqında” Qanun ölkədə həyata keçirilən demokratik islahatların növbəti təzahürü olaraq siyasi partiyaların fəaliyyətinin səmərəli qurulmasına, daha sağlam siyasi mühitin formalaşmasına və siyasi qüvvələr arasında qarşılıqlı faydalı dialoqun genişləndirilməsinə xidmət edir. Yeni Qanuna əsasən partiyanın azı 5.000 üzvü olmalıdır və onlar üzvlərinin reyestrini Ədliyyə Nazirliyinə təqdim etməlidirlər.
Bununla əlaqədar nazirlik tərəfindən normativ hüquqi aktların yeni Qanuna uyğunlaşdırılması istiqamətində və digər aidiyyəti tədbirlər həyata keçirilib: “Eyni zamanda Ədliyyə Nazirliyi tərəfindən bu sahədə tədbirlər davam etdirilir və partiyalara müraciət edilərək qüsurların aradan qaldırılması üçün lazımi yardımın göstərilməsi məqsədilə onlarla görüşlərin keçirilməsinə hazır olduğu bildirilir”.