Goranboy İcra Hakimiyyəti 58-ci kvartal, Şamil Quliyev, Əli Mehdiyev və Elxan Süleymanov küçələrində asfalt-beton örtüyünün əsaslı təmiri ilə bağlı tenderə yekun vurub.
Hit.az xəbər verir ki, tenderin qalibi “Ərdagı” MMC olub. Təmir işləri icra hakimiyyətinə 455.448,66 AZN-ə başa gələcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Ərdagı” MMC 10 dekabr 1992-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10.60 AZN olan şirkətin hüquqi ünvanı Gəncə şəhəri “Asfalt Zavodu”nda yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Nazim Fuad oğludur.
Açıq mənbələrdə “Ərdagı” MMC və onun qanuni təmsilçisi Nazim Məmmədov barəsində hər hansı məlumat yoxdur. Şirkətin adına əsasən Gəncəbasar bölgəsinin yerli qurumlarının elan etdiyi satınalma müsabiqələrində rast gəlinir.
Goranboy İcra Hakimiyyəti 2022-ci ildə “Ərdagı” MMC ilə iki satınalma müqaviləsi imzalayıb. Bunlardan biri Goranboy şəhərində Nizami, M.Məhərrəmov, A.Heydərov, B.Bağırov, Rəfət Aslanov, Eldəniz Bağırov, Etibar Namazoğlu, Ziyafəddin Əliyev, Pərviz Zeynalov, Vaqif, Dədə Qorqud, M.Ə.Rəsulzadə, Hüseyn Cavid, Şıxəli Qurbanov, Cəlil Məmmədquluzadə, Səməd Vurğun, məscidə gedən yol, M.Nağıyev və Üzeyir Hacıbəyli küçələrində aparılacaq abadlıq (işıqlandırma sisteminin qurulması) işləri ilə bağlıdır. Müqavilənin maliyyə dəyəri 208 850, 08 AZN-dir.
Digər müqavilə isə Goranboy şəhərində küçələrin asfalt-beton örtüyünün təmiri işlərinin satın alınması ilə bağlıdır.
Müqavilənin maliyyə dəyəri 451.411,12 AZN-dir.
\