Xəbər veridiyimiz kimi, Əhəd Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
MilliYol.Az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Vəzifədən çıxarılan icra başçısının dosyesini təqdim edirik:
Abıyev Əhəd Mikayıl oğlu 15 yanvar 1958-ci ildə Masallı rayonunda anadan olub.
Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun iqtisadiyyat və planlaşdırma fakültəsini və "Təfəkkür" Universitetinin hüquq fakültəsini bitirib.
Əmək fəaliyyətinə Masallı Konserv Zavodunda başlamışdır. 1977–1979-cu illərdə hərbi xidmətdə olub.
1979–1980-ci illərdə Azərbaycan Avtomobil Nazirliyinin 1 saylı tikinti-quraşdırma idarəsində usta, 1980–1982-ci illərdə Bakı şəhər Mənzil İdarəsində texnik, 1982–1984-cü illərdə "Azərittifaq" Universal bazasında iqtisadçı, 1984–1991-ci illərdə Bakı şəhər Soveti İcraiyyə Komitəsində böyük müfəttiş, böyük iqtisadçı, 1991–1995-ci illərdə Bakı Şəhər İcra Hakimiyyəti əhalinin sosial müdafiəsi və məşğuliyyəti şöbəsinin müdiri vəzifələrində çalışıb.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Parlamentdəki fəaliyyəti dövründə Milli Məclisin Regional məsələlər daimi komissiyasının üzvü, Azərbaycan-Portuqaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Əlcəzair, Azərbaycan-Hindistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.
Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2011-ci il tarixli Sərəncamı ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2018-ci il tarixli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Rus və ingilis dillərini bilir. Ailəlidir, iki övladı var.