Masallı Rayon Məhkəməsində vəzifə saxtakarlığında təqsirləndirilən Əhməd Məmmədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona aylıq qazancından 15 faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzası təyin edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Şirvan Apellyasiya Məhkəməsi protesti təmin edib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.
Belə ki, 1 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında təhsil sahəsində rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, aylıq qazancından 15 faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzası təyin olunub.
İttihama görə, Əhməd Məmmədov Masallı rayonunun İ.Hacıyev adına Viləş kənd tam orta məktəbində müəllim işləyir. O, tədris etmədiyi halda həmin məktəbin bir neçə müəlliminin adına ümumilikdə isə 5218 manat məbləğində əməkhaqqı hesablanıb ödənilməklə qulluq mövqeyindən istifadə edərək büdcə vəsaitini mənimsəməklə və ya israf etməklə talayıb.