"Providense Doyç" MMC-nin barəsində cərimə protokolu yazılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.
Daha sonra protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. İş hakim Ülviyyə Şükürovanın icraatına verilib. Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, "Providense Doyç" şirkəti bu ilin mayında “Zərdab rayonunun Şahhüseyinli kəndinin 834 ha əkin sahələrinin su təminatının yaxşılaşdırılması tədbirləri” üzrə tikinti işlərinin satın alınması ilə bağlı keçirilən tenderin qalibi olub. Şirkətlə 3 299 975 manat məbləğində müqavilə imzalanıb.