"5,5 maqnitudada baş verən zəlzələnin təkrarlanması ehtimalı yoxdur".
“Report” xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Xəzər dənizində baş vermiş zəlzələyə dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, yeraltı təkanın müddəti 10 saniyədən az olub və heç bir dağıntı qeydə alınmayıb.
Q.Yetirmişli bildirib ki, kiçik təkanlar var və olmalıdır: "Yəni avterşoklar, enerji boşalamaları gedir. Güclü təkanlar olub. Amma 5,5 maqnitudada baş verən zəlzələnin təkrarlanması ehtimalı yoxdur. Amma ola bilsin ki, arada 3 maqnitudada hiss edilən zəlzələ baş versin. Bəlkə də heç olmayacaq. Çünki zəlzələ ocağı 65 kilometr dərinlikdədir".
Qeyd edək ki, yerli vaxtla iyulun 4-ü saat 00:01-də Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ Quba, Xaçmaz, Şabran, Siyəzən 6 bala yaxın, Sumqayıt, Abşeron yarımadası və ona yaxın ərazilərdə 5-4 bala qədər hiss olunub. Təkanların maqnitudası 5,5, dərinliyi isə 65 km olub. Dağıntı və tələfat olmayıb.