Azərbaycan əsilli rusiyalı milyarder, “LUKOIL”un təsisçisi Vahid Ələkbərov ən çox varlanan rusiyalılar siyahısında ilk yerdədir. İlin əvvəlindən o, 4,8 milyard dollar qazanıb, kapitalı isə 20,2 milyard dollara çatıb.
MilliYol.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumat “Bloomberg Billionaires Index”in hesabatında yer alıb.
Bildirilir ki, 500 ən zəngin adamın adının qeyd olunduğu siyahıda 24 rusiyalı var. 2023-cü ilin əvvəlindən bəri onlar 16,5 milyard dollar zənginləşiblər.
Ən çox qazanc əldə edən rusiyalı milyarderlər siyahısını Ələkbərovdan sonra Novolipetsk Metallurgiya Kombinatının direktorlar şurasının sədri Vladimir Lisin davam edirir. Bu müddət ərzində o, 3,22 milyard dollar qazanıb, aktivləri 23,1 milyard dəyərində qiymətləndirilib.
İlk üçlüyü “Novatek” və “Sibur” şirkətlərinin rəhbərlərindən biri Leonid Mixelson bağlayıb. O, 1,5 milyard dollar varlanıb, sərvəti isə 26,1 milyard dollara yüksəlib.
Qeyd edək ki, bundan əvvəl “Forbes” rusiyalı milyarderlərin ən zəngin varislərini sıralamışdı. Bu siyahıya Vahid Ələkbərovun yeganə oğlu Yusif başçılıq edib. Reytinqdə ikinci yeri “EuroChem Group AG” şirkətinin yaradıcısı Andrey Melniçenkonun övladları, üçüncü yeri isə Leonid Mixelsonun varisləri tutub.