Ermənistan baş naziri Nikol Paşinyan 44 günlük müharibədəki məğlubiyyətə görə ordunu günahlandırıb.
MilliYol.Az xəbər verir ki, o, bu barədə 44 günlük müharibənin araşdırılması üzrə komissiyasının iclasında danışıb.
Baş nazir bildirib ki, Ermənistan Silahlı Qüvvələri vəzifələrinin öhdəsindən gələcəyini bildirmişdi: "Mənə hansı texnikaların, silahların lazım olması barədə məlumat vermişdilər. Demişdim ki, nə lazımdırsa, təmin edəcəm. Müharibə ərzində bu prinsipə daim əməl etdim, ordunun ehtiyaclarını ödədim”.
"Qarabağın Azərbaycandan ayrı olması iddiasından imtina etmək bəlkə də müharibənin qarşısını ala bilərdi", deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, hərbi əməliyyatların başlamaması üçün nəzəri olaraq imkan olub. Paşinyan qeyd erdib ki, əgər Ermənistan tərəfi danışıqlar zamanı Qarabağın Azərbaycanın tərkibində olması variantını nəzərdən keçirsəydi, 44 günlük müharibənin qarşısını almaq olardı:
"Biz deyə bilərik ki, Qarabağın Azərbaycandan ayrı olması ideyasını qəbul etmirik və əlbəttə, bu, müharibənin baş verməyəcəyinə zəmanət vermirdi, lakin bunun üçün nəzəri imkan yaratmış olardı”, deyə Ermənistanın hökumət başçısı bildirib.
"Danışıqlar prosesində bir neçə fikir ayrılığı var idi ki, onlar bu və ya digər şəkildə hərbi əməliyyatların bərpası üçün səbəb ola bilərdi. Bu, Laçın dəhlizinin fəaliyyəti, Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası, məcburi köçkünlərin geri qaytarılması məsələləridir”, deyə baş nazir əlavə edib.
"2020-ci ildə baş verən 44 günlük müharibə zamanı hərbçilər çevriliş etmək istəyirdi”, deyə Paşinyan əlavə edib. O bildirib ki, həmin vaxt yüksək rütbəli hərbçilərin fəaliyyətsizliyi məhz buna xidmət edirdi.